Pediatrdan sərt reaksiya: Masaj sovet dönəmindən qalıb

Hazırkı dövrdə daha çox müalicəvi bədən gimnastikası tövsiyə olunur

“Bəzən uşaqlara “ortopedik” ayaqqabılar təyin edilir. Bu, yanlışdır və heç bir faydası yoxdur. Biznes xarakterlidir. Belə ayaqqabıları almaq lazım deyil. Ancaq bədən gimnastikasına önəm verilməlidir”

  Biləsuvar rayonunda 2 yaşlı körpənin ölüm səbəbi hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.  Körpə ilə bağlı yayılan məlumatlarsa müxtəlifdir. Yayılan xəbərlərdə Biləsuvar rayonunun Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanovanın yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının ayağını masaj edərkən azyaşlının vəziyyətinin pisləşdiyi və körpənin vəfat etdiyi bildirilir. Uşağın atasının sözlərinə görə, Nəzrin axsadığına görə sınıq və ya çıxığın olduğunu düşünüb xəstəxanaya aparıblar: “Rentgen müayinəsindən sonra bildirildi ki, belə bir problem yoxdur, damar dolaşması uşaqda narahatlıq yaradar. Bundan sonra masaja görə Nərgiz İmanovanın yanına apardım və o, uşağı sağaldacağını boynuna götürdü. İkinci gün masaj zamanı uşaq ağrıdan şok keçirərək öldü”. Azyaşlının babası Mirkərim Qubadov isə uşağın çarmıxa çəkildiyini iddia edib: “Birinci seansdan sonra səhərə qədər yatmayan uşağı ikinci dəfə sınıqçıya aparıblar. Uşaq məhz çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıb. Bu, masaj deyil, kiminsə sözünə uyub apardılar onun yanına”. 

  Hadisəyə kəskin reaksiya verən pediatr Vaqif Qarayev sosial şəbəkədə valideynləri qınayıb
- Sınıqçı, falçı, çöpçü, cinçıxardan, dua yazan molla...bu peşə sahiblərinə tələb hələ də çoxdur...Hələ müxtəlif pirlər də var... İndi bilirəm, etiraz edən tapılacaq ki, mənim uşağım elə çöpçünün hesabına yaşayır... Heç nə demirəm....amma 21-ci əsrin 24-cü ilində çox pis səslənir! Uşaqları qoruyun!
  
Həkim qeyd edib ki, 2 yaşlı qızcığazın ölümü  çox müəmmalıdır, araşdırılma aparılmalıdır: 
“2 yaşlı uşağın yerişindəki problem həmin gün və ya əvvəldən ortaya çıxıbsa belə, onu masaja, sınıqçıya aparmaq nədir?! Bu gün biz nəyə görə falçıya, çöpçüyə, sınıqçıya möhtac qalmışıq?! Ata bir söz deyir, babası başqa söz. Körpə bir uşağı çarmıxa çəkmək nə deməkdir?! Bir valideyn, həkim kimi adam lap dəli olur”. Pediatr qeyd edib ki, masajı həkim təyin etməlidir: ““Sınıqçı haradan bilir ki, masaj nəyə olunmalıdır, niyə olunmalıdır? Masajı peşəkar insanlar etməlidirlər. Bir var, ümumi masaj, onu hamı edir. Bir də var, ayrı-ayrı qrup əzələlərinin peşəkar masaj olunması. Biz də bəzən əzələlərin möhkəmlənməsi üçün masaj təyin edirik. Amma bunu həkim təyin etməlidir. Masajı edən isə peşəkar insan olmalıdır. 2 yaşlı körpənin ölümündə cavabsız suallar çoxdur. Onlara hüquq-mühafizə orqanları ciddi araşdırma nəticəsində cavab tapa bilər.

  Pediatr Xəyalə Quliyeva “Sherg.az"a açıqlamasında qeyd etdi ki, masaj sovet dönəmində həkimlər tərəfindən daha çox tövsiyə edilirdi: 

- Hazırkı dövrdə isə daha çox müalicəvi bədən gimnastikası tövsiyə edir. Məsələn, əgər körpədə qaz-köp problemi varsa, həkimin məsləhət etdiyi konkret hərəkətlər var ki, onları etdikdə körpəyə rahatladıcı təsir göstərir.  Uşaq ayağını içəri atırsa və ya yastıpəncəlik problemi varsa, yenə də ilk növbədə bədən gimnastikası hərəkətləri tövsiyə olunur.  Müəyyən hərəkətlər var ki, ayaq altının düzgün formalaşmasına kömək edir. Bu, 2 yaşdan yuxarı uşaqlara aiddir. Çünki məhz bu yaşda uşaqlar komandaları yerinə yetirməyə başlayır. Məsələn, yerə dağılmış  oyuncaqları ayağın ucuyla qaldırmaq, çay daşları üzərində ayaqyalın gəzmək, yaxud “Cola” qabı qapaqları, fındıqlar üzərində gəzmək. Əvvəllər diyircəkli hesab taxtaları vardı, həkimlər məsləhət görürdü ki, uşaq 3-5 dəqiqə ayağını onun üzəri ilə irəli-geri hərəkət etdirsin. Bununla ayağın altının düzgün forma alması mümkün olurdu. Bəzən uşaqlara “ortopedik” ayaqqabılar təyin edilir. Bu, yanlışdır və heç bir faydası yoxdur. Biznes xarakterlidir. Belə ayaqqabıları almaq lazım deyil. Ancaq bədən gimnastikasına önəm verilməlidir. 

  X.Quliyeva bildirdi ki, son illərdə körpələrdə çanaq displaziyasına da rast gəlinir, lakin valideynlər çox zaman yanlış istiqamətləndirilir, yanlış müalicələr təyin edilir: 
- Bəzən görürük körpələrin ayaqları arasına dəsmal qoyulur, korset taxılır, valideynlər bildirir ki, həkim körpədə çanaq, bud dibi əyriliyi olduğunu söyləyib. Baxın, çanaq displaziyası deyilən problem var. Lakin bu, dəqiq diaqnostika ilə təyin edilməlidir. Çanaq displaziyasının  diaqnostkası körpənin ilk 4 ayında çanaq USM-i, 6 aylığında isə çanaq retngeni vasitəsilə aparılır. Ayağın arasına əski qoymaq... bunlar boş şeylərdir. Oynaq nüvəsi formalaşmayıbsa, bu, bəzi körpələrdə 8-10 aya qədər formalaşır, USM vasitəsilə düzgün diaqnoz qoyulmalıdır. Hələ formalaşmamış oynağa görə bunu displaziya adlandırmaq və yalandan korset taxdırmaq olmaz. Mütləq dəqiq müayinə aparılmalı və travmatoloq məsləhəti lazımdır. Çanaq displaziyası zamanı da idman hərəkətləri tövsiyə olunur. Bizim nənələrimiz körpələri dizlərinin üstündə əyləşdirəndə onların ayağının birini bir tərəfə, digərini digər tərəfə sallayardı. Bunun özü çanağın düzgün formalaşması üçündür. 

Pediatr qeyd etdi ki, displaziya ana bətnində yaranan haldır. Burada dölün düzgün yerləşməməsi risk faktorlarından biridir: 
- Bud-çanaq oynağının displaziyası – bud-çanaq oynağı inkişafının pozulmasıdır. Bunun əsas səbəbi oynağın “bud” komponentinin “çanaq” komponentilə  düzgün uzlaşmamasıdır ki, nəticədə ətrafların dayaq funksiyalarının pozulması yaranır. Displaziyanın yaranmasına irsi göstəricilər, hamiləlik dövründə qadında baş verən hormonal pozuntular, susuzluq, dölün iri olması, çünki bu zaman uşağın bud-çanaq oynaqlarının hərəkət həcmi azalır, bu isə normal inkişafa mane olur. Ananın keçirdiyi ginekoloji xəstəliklər (uşaqlığın mioması, uşaqlıqda birləşmə prosesi və s.), bəzən çanaq çıxığına azçəkili körpələrdə də rast gəlinir. Displaziyanın əlamətlərini ana özü də müəyyənləşdirə bilər. Uşağın bir ayağı digərindən qısadırsa, budda əlavə qat, yandakı qatlarda asimmetriya varsa, ayaqları ayıran zaman asimmetriya müşahidə edilirsə, ayaqlar dizdən qatlanıqlı vəziyyətdə olduqda tam açılmırsa, ayaqların yığılması zamanı diz və bud-çanaq nahiyəsində şıqqıltı yaranırsa, müayinə mütləq lazımdır.

  Həkim bildirdi ki, doğum evində pediatrlar uşaqda bud-çanaq patologiyasının olub-olmadığını müəyyənləşdirə bilirlər. Daha sonra uşağın vəziyyətini nəzarətdə saxlayan pediatr onun oynaqlarını diqqətdə saxlamalıdır. Əgər hər hansı şübhə yaranarsa, uşaq USM göndərilir və ya uşaq ortopedinin müayinəsinə göndərilir. Ortopedin müayinəsi mütləq qaydada uşağın 1, 3, 6 və 12 aylığında (uşaq yeriməyə başladıqda) aparılmalıdır. Uşaqda displaziya olarsa və ya buna şübhə yaranarsa, həkim bud-çanaq oynaqlarının rentgen müayinəsini də təyin edə bilər. Rentgenoqrafiya oynaqların vəziyyətinə obyektiv qiymətləndirilməsi üçün şərait yaradır. Patologiya müəyyən edildikdə müalicə təyin edilməlidir. Və bu müalicə yalnız bədən gimnastikası hərəkətləri olmalıdır.