Doktor: Tibbi qeydiyyatın elektron şəkildə aparılmasının müsbət yanları çoxdur

Tibb qeydiyyat üzrə sənədləşmə işlərinin elektronlaşması mütləqdir.
Bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.
O müasir rəqəmsallaşma ilə ayaqlaşmağın vacibliyini vurğulayıb:
"Səhiyyə Nazirliyi də bu istiqamətdə ciddi layihələr hazırlayır və yaxın zamanda təqdimatı nəzərdə tutulur".
"Ümid edirəm ki, qarşıdakı il ərzində əmək qabiliyyətinin olmaması vərəqi və ya epikrizlər, digər şəhadətnamələrlə yanaşı, tibbi sənədləşmənin də elektronlaşması mümkün olacaq", - nazirlik rəsmisi əlavə edib.
R.Quliyev onu da qeyd edib ki, tibb müəssisələrinin akkreditasiya olunması ilə bağlı noyabr ayında müvafiq mərkəz yaradılıb, ştat formalaşdırılır, bu yöndə aktiv işlər görülür:
"Təsdiq olunan tibb müəssisələrinin akkreditasiya qaydalarının dəyişdirilməsi gündəmdə idi və artıq layihə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim olunub.
Layihənin təkmilləşdirilməsindən sonra növbəti ildə tibb müəssisələrinin yeni qayda üzrə akkreditasiyasının, keyfiyyətə nəzarət mərkəzinin fəaliyyətini görəcəyik".


Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, tibbi qeydiyyat üzrə sənədləşdirmənin elektronlaşdırılması çox vacib məsələlərdən biridir:

“Bütün dünyada səhiyyə sistemi elektron sənədləşdirməyə keçib. Əlbəttə ki, bunun müsbət cəhətləri çoxdur. Əvvəl sənədlər yazılırdı, çox kağız işlənirdi və həkim qeydlər aparmaqdan yorulurdu. Elektron sənədi də həkim qeyd edir. Lakin fərq ondadır ki, hər hansı bir xəstə, ikinci, üçüncü dəfə kontrol müayinələrə gələn zaman artıq həkim arxivdən, tibbi müayinə kağızını axtarmır, kompüter qarşısında həmin məlumatlara daxil olur. Yəni elektron sənədlərdə əvvəlki müayinələrin nəticələrini də asanlıqla görmək mümkündür. Hətta həmin nəticələrlə yeni nəticələri müqayisə etmək daha rahat olur. Həmçinin, kağızda olan yazıların silinmə və çürümə ehtimalı daha çoxdur. Digər tərəfdən elektron variantını istifadə etdikdə həm kağıza, həm həkimin vaxtına qənaət etmiş oluruq, həm də əlavə işçilərə ehtiyac duyulmur olmur. Tibbi qeydiyyatın elektron şəkildə aparılmasının, müsbət yanları çoxdur”.