İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən Ş.Adıgözəlov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, ona məxsus mağazadan müxtəlif növ pirotexniki və tezalışan maddələr aşkarlanaraq götürülüb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların tənzimlənməsi sahəsində tədbirlər haqqında fərman var:
“Bu fərmanın tələblərinə görə, ölkədə pirotexniki məmulatların mülki dövriyyəsi məhdudlaşdırılıb. Bu məmulatların dövriyyəsinə yalnız Fövqəladə Hallar Nazirliyinin xüsusi icazəsi əsasında yol verilə bilər. Təbii ki, hər il Yeni il ərəfəsində pirotexniki məmulatların istifadəsi zamanı çoxsaylı xəsarət alma və yanğın hadisələri qeydə alınır. Pirotexniki məmulatlar özləri də xüsusi kateqoriyalara bölünür. O kateqoriyalar pirotexniki məmulatların yayılma radiusuna uyğun olaraq tənzimlənir. Yəni daha az yayılma radiusuna uyğun pirotexniki məmulatların satışı icazə əsasında həyata keçirilə bilər. İcazə əsasında satılan pirotexniki məmulatların isə mütləq sertifikatı olmalıdır. Yəni bu satışı həyata keçirən şəxslərin aidiyyəti dövlət orqanlarından icazələri olmalıdır. Pirotexniki məmulatların üzərində istehsalçı barədə məlumatlar, aid olduğu kateqoriya, istifadə qaydaları, istifadə müddəti və istifadə ilə bağlı təlimatlar öz əksini tapmalıdır. Məhsulun sertifikatı mütləq üzərində nömrə ilə göstərilməlidir. Bu cür vasitələrdən yaşayış binalarının yaxınlığında, əsasən də insanların çox toplaşdığı yerlərdə istifadəyə yol verilməməlidir. Çünki yanğın riski və insanlara xəsarət yetirmə ehtimalı yüksəkdir. Kustar üsulla düzəldilmiş pirotexniki məmulatların istifadəsi yolverilməzdir. Çünki hər bir pirotexniki vasitənin sənədləri və müvafiq lisenziyaları olmalıdır. Pirotexniki vasitələrdən istifadə edərkən mütləq tam təhlükəsiz bir məkan seçilməli, sonra isə təlimatlara uyğun olaraq istifadə edilməlidir. Yeni il ərəfəsində hər kəs balkonlara çıxıb pirotexniki vasitələrdən istifadə edir. Ancaq qaydaların tələblərinə görə balkonlardan bu cür vasitələrdən istifadə qadağandır. Çünki ətrafa çox ciddi təhlükə aşılayır. Bundan əlavə olaraq 16 yaşına qədər uşaqların pirotexniki vasitələrdən istifadə etmələrinə qətiyyən yol verilməməlidir. Bununla bağlı mütləq valideyn nəzarəti olmalı və uşaqlar məlumatlandırılmalıdır”.