Corabla yatırsınızsa... Bu vərdişiniz haqqınızda nə deyir?

Dünyada iki tip insan var: yatağa corabla girənlər və ayaqyalın yatmağı üstün tutanlar. Bəs bu seçim insanın xarakteri və fiziki xüsusiyyətləri haqqında nə deyir?

Bəzi insanlar ayaqları üşüdüyü üçün corabsız yata bilmir, gecənin bir yarısı sevimli corablarını geyinmək üçün yataqdan qalxırlar. Digərləri isə yataqda corab geyinməyi narahat hesab edir, ayaqlarının sıxıldığını və həddindən artıq isti olduğunu düşünür.

Görünür, bu, sadəcə vərdiş məsələsi deyil. Corabla və ya ayaqyalın yatmaq seçimi bəzi fiziki xüsusiyyətlərlə yanaşı, insanın özünü rahat hiss etdiyi mühitlə də əlaqəli ola bilər.

Corabla yatanlar

Yatarkən corab geyinirsinizsə, soyuğa daha həssas ola bilərsiniz. Bu xüsusiyyət dəri qalınlığından maddələr mübadiləsinin sürətinə qədər müxtəlif amillərlə əlaqələndirilir.

Maddələr mübadiləsi sürətli olan insanlar özlərini daha isti hiss edə bildiyi halda, maddələr mübadiləsi nisbətən yavaş və qan dövranı zəif olan şəxslər soyuğa daha həssas ola bilirlər.

Soyuğa həssaslıq yalnız fiziki xüsusiyyətlərlə deyil, insanın temperaturu qəbul etmə tərzi ilə də bağlıdır.

Məqalədə corabla yatan insanların adətən istilik və rahatlıq axtardığı, səmimi münasibətlərə və fiziki təmasa daha çox önəm verdiyi qeyd olunur. Belə insanların qucaqlaşmaq və yaxın münasibətlərdən zövq aldığı iddia edilir.

Ayaqyalın yatanlar

Əgər yataqda corab geyinmək sizə narahatlıq verirsə və ayaqlarınızın örtülməsini istəmirsinizsə, bunun maddələr mübadiləsinin daha sürətli olması, qan dövranının yaxşılığı və ya bədənin istiliyi qoruma xüsusiyyəti ilə əlaqəli olduğu irəli sürülür.

Bununla yanaşı, ayaqyalın yatmaq seçimi məqalədə xarakter xüsusiyyətləri ilə də əlaqələndirilir. Belə insanların daha müstəqil olduğu, şəxsi məkanlarına önəm verdiyi və insanlarla münasibətlərdə seçici davrandığı bildirilir.

Onların münasibətlərdə qoruyucu rol almağa meyilli, dürüst və səmimi olduqları da iddia edilir.

Lakin bütün bunların gündəlik bir vərdişdən çıxarılan ümumiləşdirmələr olduğunu nəzərə almaq lazımdır. Əsas məsələ insanın rahat yatması və keyfiyyətli yuxu almasıdır.