Düzgün qidalanma vərdişləri bağçadan deyil, ilk olaraq evdən başlayır - Qida məsələləri üzrə ekspert

  •  Valideyn evdə uşağa qazlı içki, "fastfood", kartof qızartması verirsə, uşağın bağçada sağlam qidalanması effektiv olmayacaq

“Özəl bağçaların səksən faizdən çoxunda aparılmış nəzarət tədbirləri zamanı ciddi nöqsanlar aşkar edilib”. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend-ə və “Xəzər TV”yə birgə müsahibəsində deyib.

Onun sözlərinə görə, yoxlanılan 107 uşaq müəssisəsinin 88-də müxtəlif qanun pozuntuları müəyyən olunub. Aşkar edilmiş nöqsanlar arasında istifadə müddəti bitmiş ərzaq məhsullarından istifadə, qida məhsullarının saxlanma rejiminə düzgün əməl olunmaması, qida məhsullarının saxtalaşdırılması halları, eləcə də kərə yağı adı altında bitki mənşəli yağların uşaqlara təqdim edilməsi kimi ciddi pozuntular var. Bundan əlavə, müəssisələrdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyətlə bağlı da ciddi çatışmazlıqlar qeydə alınıb. 

Qida məsələləri üzrə ekspert Ağa Salamov “Sherg.az”a açıqlamasında bildirdi ki, uşaqlar bizim gələcəyimizdir deyiriksə, onların sağlam qidalanması təmin olunmalıdır və hər bir müəssisə qaydalara, normalara əməl etməlidir: 

- Qida təhlükəsizliyi, ərzaqların saxlanma şəraiti, xörəklərin bişirilmə texnologiyası, hansı yeməyin uşaqlara nə zaman verilməsi, qidalar arasındakı uyğunluq, bütün bunlar qida elmidir və uşaq müəssisəsində çalışanlar bu qaydaları bilməlidir. Uşağa qidanı yalnız qarnı doysun deyə verməməlidirlər. Uşağın qidalanması elə olmalıdır ki, faydalı olsun, inkişafına xidmət etsin, mədə-bağırsaq pozuntusu yaratmasın, uşağın boy artımı, görmə qabiliyyəti, hemoqlobin yüksəlməsi, bağırsaq florası üçün, ümumən sağla inkişafına xidmət etmiş olsun. Menyunun tərtibatı əsasdır. Bağçalarda gün ərzində 5 vaxt qidalanma və ara qidalar düzgün şəkildə planlaşdırılmalıdır. Rasiona mütləq balıq, ət və toyuq əti daxil edilməlidir. Paxlalılar, düyü, qarabaşaq və tərəvəzlərdən istifadə olunmalıdır. Vitamin dəstəyi üçün uşaqlara mütləq mövsümi meyvə və tərəvəzlər verilməlidir. Tərbiyəçilər yeməyi sadəcə uşağın qarşısına qoyub getməməli, onlarla ünsiyyət qurmalıdır. Yeməkdən əvvəl uşaqlara hansı qidaların faydalı olduğu və niyə tərəvəz-yarmaları yeməli olduqları başa salınmalıdır. Bir də ki, düzgün qidalanma vərdişləri bağçadan deyil, ilk olaraq evdən başlayır. Valideyn evdə uşağa qazlı içki, "fastfood", kartof qızartması verirsə, uşağın bağçada sağlam qidalanması effektiv olmayacaq.