Ən yüksək maaşı məhz həkimlər almalıdır - Həkim-pediatr

  • Bir də, maddi-texniki bazanın böyük əhəmiyyəti var ki, rayondan paytaxta xəstə axını azalsın

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb. Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.

Bu islahat birbaşa Prezidentin tapşırığı əsasında həyata keçirilir. Nazirlər Kabineti bu növ sərəncam və tapşırıqlardan irəli gələn texniki, icraedici məsələləri tənzimləyir. Prezidentin tapşırığına uyğun olaraq yeni əməkhaqqı qaydaları 01 sentyabr 2026-cı il tarixindən etibarən qüvvəyə minib. Qərar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artıb. Qərara əsasən ilkin səhiyyə xidməti göstərən ailə həkimi və sahə həkimi vəzifələri üzrə çalışan həkim mütəxəssislərin aylıq əməkhaqqı 1150 manatdan 2000 manata, Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkiminin əməkhaqqı 1550 manatdan 2200 manata, tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı 1550 manatdan 2500 manata, 3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı isə 2100 manatdan 3000 manata, regionlarda çalışan uşaq anestezioloq, reanimatoloqlarının aylıq əməkhaqqı 1450 manatdan 3000 manata, neonatoloqların əməkhaqqı 1450 manatdan 2400 manata, hemodializ həkimlərinin əməkhaqqı isə 1450 manatdan 2250 manata, həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1450 manatdan 2150 manata çatdırılacaq. Ümumilikdə 72 212 tibb işçisi bu artımdan yararlanacaq.

Ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, cənab Prezidentin də təşəbbüsü bəyənərək, vacib hesba edərək müfaviq tapşırıq verməsi tibb ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Xüsusən regionlarda çalışan həkimlərin əmək haqqının artırılması, həkim çatışmazlığı olan regionlara xüsusi diqqət ayrılması alqışlanır.

Həkim-pediatr Vaqif Qarayev Sherg.az-a açıqlamasında bildirdi ki, bu qərar bütün tibb işçilərinə, o cümlədən regionlarda çalışan həkimlərə yüksək stimul verəcək, həmçinini həkim çatışmazlığının aradan qaldırılmasında faydalı olacaq: 

- Bilirsiz, sovetqalma “həkim niyə yüksək maaş almalıdır?” psixologiyası dəyişməlidir. İndiki dövrdə belə düşüncə keçmir. Ən yüksək maaşı məhz həkimlər almalıdır. Yüksək əmək haqqı əlbəttə stimul verir. Amma regionlarda təkcə maaş hər şeyi həll etmir. Bunun mənzil-məişət problemi var, məktəb, uşaq bağçası, ailənin digər üzvlərinin iş, təhsil almaq məsələsi, istirahət imkanları və sair. Bir də, maddi-texniki bazanın böyük əhəmiyyəti var ki, rayondan paytaxta xəstə axını azalsın. Bütün bunlar kompleks şəkildə həll olunsa, həkim çatışmazlığının qarşısı maksimum alınar.