Gənc yaşda unutqanlıq həyəcan təbili çalır

  • Həkim bildirib ki, uzun müddət ekrana baxmaq, fasiləsiz informasiyaya məruz qalmaq və mavi işıq yuxu hormonlarının ifrazını zəiflətməklə zehni tənbəlliyə səbəb olur

Mütəxəssislər həddindən artıq rəqəmsal texnologiya istifadəsinin gənclərdə diqqət dağınıqlığı və unutqanlığı artırdığını bildiriblər.

Sherg.az İhlas Xəbər Agentliyinə istinadən xəbər verir ki, nevroloq Dr. Büşra Er gənclər arasında “rəqəmsal demensiya” riskinin artdığına diqqət çəkib.

Onun sözlərinə görə, əvvəllər əsasən yaşlılarda müşahidə olunan unutqanlıq şikayətləri artıq yeniyetmələrdə də özünü göstərir. Yuxu pozuntusu, düzgün qidalanmama, diqqət çatışmazlığı və depressiya ilə yanaşı, rəqəmsal media istifadəsi də bu vəziyyəti gücləndirir.

Həkim bildirib ki, uzun müddət ekrana baxmaq, fasiləsiz informasiyaya məruz qalmaq və mavi işıq yuxu hormonlarının ifrazını zəiflətməklə zehni tənbəlliyə səbəb olur.

Dr. Er unutqanlığın qarşısını almaq üçün rəqəmsal media istifadəsini məhdudlaşdırmağı, nizamlı yatmağı, sağlam qidalanmağı, kitab oxumağı, krossvord və yaddaş oyunları kimi zehni fəaliyyətlərlə məşğul olmağı tövsiyə edib.