Ağa Salamov: Yüksək temperatur plastikdən qidaya kimyəvi maddələrin keçməsini sürətləndirə bilər
“İsti qidalar kağız, karton, şüşə və ya paslanmayan polad əsaslı qablarda təqdim edilməlidir. Amma “plastik qabda verilən hər yemık zəhərxdir” demək də elmi cəhətdən doğru deyil”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bəzi iaşə obyektlərində müştərilərə isti qidaların plastk qablarda təqdim edilməsinə münasibət bildirərkən söylədi.
Qeyd edək ki, həmkarımız İlhamə Qasımlı AVM-lərdən birində məşhur dönər markası “Əjdəha dönər”in isti halda plastik qabda və plastik çəngəl qaşıqla servis edildiyindən şikayətlənərək: “Koronavirus vaxtı pandemiyanı bəhanə edib konserogenlərə məhkum etdilər bizi. İndi nə baş verir? Qida sektorunda yer tutan bir yemek markası insanlara zəhər satır” yazıb. 
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov isə bildirdi ki, qida təhlükəsizliyi baxımından ən yaxşı seçim isti dönər və digər isti yeməklərin kağız, karton, şüşə və ya paslanmayan polad əsaslı qablaşdırmalarda təqdim edilməsidir. Əgər həmin müəssisənin istifadə etdiyi qabın hansı materialdan hazırlandığı məlum deyilsə, paylaşımda səsləndirilən narahatlıq əsaslı sayıla bilər. Amma konkret olaraq "insanlara zəhər satılır" ifadəsini işlətmək üçün laborator analiz və ya rəsmi ekspertiza nəticələri olmalıdır. Bu olmadan belə bir hökm vermək elmi cəhətdən doğru deyil:
- İsti dönərin və ya digər isti qidaların uyğun olmayan plastik qabda təqdim edilməsi arzuolunan deyil. Yüksək temperatur, xüsusilə yağlı və isti qidalarda, plastikdən qidaya bəzi kimyəvi maddələrin miqrasiyasını sürətləndirə bilər. Bu risk qabın hansı plastikdən hazırlanmasından və onun qida ilə təmas üçün nəzərdə tutulub-tutulmamasından da asılıdır. Lakin "plastik qabda verilən hər isti yemək zəhərdir", demək də düzgün olmaz. Qida sənayesində istifadə olunan bəzi qida dərəcəli (food-grade) və istiliyədavamlı plastiklər məhz isti qidaların servisi üçün istehsal edilir. Məsələn, polipropilen (PP) qablar digərlərinə nisbətən daha təhlükəsiz hesab olunur. Sadəcə, bilinməlidir ki, müştəriyə qidanın təqdim olunduğu həmin plastik qablar hansı materialdan hazrlanıb və hansı dərəcədə təhlükəlidir.
P.S.
Yayın istisində AVM-də, lap olsun, məşhur marka, dönər yemək nə demək?!.