Avstraliyadakı Kvinslend Universitetində aparılan və 2050-ci ilə qədər olan dövrü əhatə edən xərçəng araşdırması narahatlıq doğurub. Araşdırmaya görə, xüsusilə kişilərdə xərçəngdən ölüm hallarının ciddi şəkildə artacağı gözlənilir. Bildirilir ki, bu artım əsasən prostat, dəri və sidik kisəsi xərçəngində müşahidə olunacaq. Qlobal risk mənzərəsini dəyərləndirən türk uroloq dosent Cevper Ersöz və dermatoloq Makbule Dündar həyati təhlükələrə qarşı görülməli tədbirlərdən danışıblar.
Dosent Cevper Ersöz bildirib ki, dünyada prostat xərçəngi diaqnozu getdikcə artır:
“Bunun əsas səbəbləri arasında əhalinin yaşlanması və görüntüləmə texnologiyalarının inkişafı var. Artıq xəstəliyi daha erkən və daha tez-tez aşkar edə bilirik.”
Həkim qeyd edib ki, prostat sidik kisəsinin çıxış hissəsində yerləşən və reproduktiv sistemə kömək edən orqandır:
“Yaş artdıqca prostat böyüyərək sidik ifrazı ilə bağlı problemlərə səbəb olur.”
Risk faktorlarından danışan Ersöz vurğulayıb:
“50 yaşdan yuxarı kişilər, ailəsində prostat xərçəngi olanlar, siqaret çəkənlər və artıq çəkili şəxslər risk altındadır. Xəstəliyin əlamətləri çox vaxt xoşxassəli prostat böyüməsi ilə qarışdırılır. Sidiyə çıxarkən çətinlik, tez-tez sidiyə getmək, sidikdə qan və son mərhələdə sümük ağrıları müşahidə olunur.”
Həkimin sözlərinə görə, bütün kişilər 50 yaşdan sonra, ailəsində bu xəstəlik olanlar isə 45 yaşdan sonra mütəmadi müayinədən keçməlidirlər.
Müalicə üsullarının xəstəliyin mərhələsinə görə dəyişdiyini deyən Ersöz əlavə edib:
"Erkən mərhələdə sadəcə nəzarət kifayət edir. Sonrakı mərhələlərdə isə cərrahiyyə, radioterapiya və dərman müalicələri ilə xəstəliyi nəzarətdə saxlamaq mümkündür.”
Sidik kisəsi xərçəngi haqqında danışan həkim bildirib:
“Sidik kisəsi xərçəngi sidik kisəsində yaranan şişlərdir. Bu xəstəlik üçün ən böyük risk faktoru siqaretdir. Siqaretin tərkibindəki zərərli maddələr sidik vasitəsilə bədəndən xaric olarkən sidik kisəsinin səthinə ziyan vurur. Bundan başqa, kimyəvi maddələrlə işləyən peşələrdə çalışanlarda da risk artır.”
O qeyd edib ki, xəstəliyin ən mühüm əlaməti ağrısız və laxtalı sidik qanamasıdır:
“Bu vəziyyət çox vaxt ağrı yaratmır, amma mütləq ciddi qəbul edilməlidir.”
Həkim bildirib ki, diaqnoz sidik və qan analizləri, həmçinin görüntüləmə üsulları ilə qoyulur və erkən aşkarlandıqda xəstəlik müalicə oluna bilir.
Qorunma yollarından danışan Ersöz deyib:
“Siqaret mütləq tərgidilməli, kimyəvi maddələrlə təmas azaldılmalı və bol su içilməlidir. Sidikdə qan görüldükdə vaxt itirmədən uroloqa müraciət olunmalıdır.”
Dermatoloq Makbule Dündar isə son illərdə dəri xərçəngi hallarının artdığını bildirib:
“Ən əsas səbəb günəş şüalarıdır. Qadınlar makiyajla birlikdə günəşdən qoruyucu istifadə etsələr də, kişilərdə bu vərdiş daha azdır. Bu isə riskin artmasına səbəb olur.”
O əlavə edib ki, dəri xərçənginin müxtəlif növləri var və xüsusilə tünd rəngli xallardan yaranan malign melanoma diqqətlə izlənməlidir:
“Xallarda rəng dəyişikliyi, böyümə, qanama və qaşınma kimi əlamətlər varsa, mütləq dermatoloqa müraciət edilməlidir. Dermatoskopik müayinə erkən diaqnoz üçün böyük əhəmiyyət daşıyır.”
Dündarın sözlərinə görə, bazal hüceyrəli və epidermoid dəri xərçəngi əsasən günəşə çox məruz qalan bölgələrdə yaranır:
“Erkən mərhələdə kriyoterapiya kimi üsullarla müalicə etmək mümkündür. Daha irəliləmiş hallarda isə cərrahi müdaxilə ilə uğurlu nəticələr əldə edilir. Xüsusilə malign melanomada erkən diaqnoz həyat qurtarır.”