Mütəxəssis: Saqqızdan “birbaşa zəhərlənmə” çox nadir haldır

Saqqız gündəlik həyatda demək olar ki, çox istifadə etdiyimiz və təhlükəsiz bildiyimiz bir məhsul olsa da, bəzən ən zəhərli qidalardan birinə çevrilə bilər. Bakı şəhəri 14 nömrəli tam orta məktəbin 8 şagirdinin saqqızdan zəhərləndiyi ehtimal olunur. Təhsil müəssisəsindən verilən məlumata görə, dekabrın 11-də məktəbin səkkiz şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Onlarda ümumi narahatlıq, ürəkbulanma və digər diskomfort əlamətləri müşahidə olunub. Bu hadisə saqqızların tərkibi, keyfiyyəti və düzgün saxlanılmaması ilə bağlı narahatlıqları gündəmə gətirir.

Qida mütəxəssisi Fərid Səfərov Sherg.az-a açıqlamasında saqqızın tərkibi və mümkün zərərlərindən danışıb:

"Şəkərli saqqızlarda saxaroza, qlükoza və digər şəkərlər olur. Bu maddələr uzun müddət çeynənəndə diş çürüməsinə səbəb ola bilər. Şəkərsiz saqqızlarda sorbitol, mannitol, ksilitol, aspartam, sukraloza kimi dadlandırıcılar istifadə olunur. Həddindən artıq istifadəsi bəzi insanlarda qarın ağrısı, köp, ishal yarada bilər. Saqqızların tərkibindəki bəzi rəng və ətir vericilərin uşaqlarda allergik reaksiyaları, başgicəllənmə və ya ürəkbulanma kimi simptomları yaratması mümkündür. Həmçinin saqqızın tərkibində rezinlər və elastikləşdiricilər mövcuddur. Onlar orqanizmə keçmir, amma bəzi həssas uşaqlarda qoxu və dad maddələrinə qarşı reaksiya yarana bilər".

Ekspert saqqızdan zəhərlənmə hallarından danışıb:

"Əslində saqqızdan “birbaşa zəhərlənmə” çox nadir haldır. Amma saqqızın vaxtının keçmiş və ya düzgün saxlanılmamış olması, içində normadan çox dadlandırıcının mövcudluğu, qeyri-rəsmi, keyfiyyətsiz istehsalının zəhərlənməyə səbəb olması mümkündür. Qeydiyyatsız və ya küçədə satılan saqqızlarda saxta rəngləndiricilər, keyfiyyətsiz aromatlar, gigiyenik olmayan şəraitdə qablaşdırma ola bilər. Bu isə zəhərlənmə riski yaradır".

Qida mütəxəssisi "Saqqızın vaxtının keçdiyini necə bilmək olar?" sualını da cavablayıb:

"1. Qoxu dəyişməsi: Normalda kəskin, meyvə və ya nanə qoxusu olur. Vaxtı keçibsə qoxusu zəif, kəskin və ya kimyəvisayağı olur.

2. Dadın dəyişməsi: İlk çeynəmədə turş, acı və ya metal kimi dad verirsə, istifadə etməyin.

3. Rəngin solması və ya ləkələr: Saqqızın səthində ləkələnmə, solğunluq və ya dağılma varsa bu keyfiyyətsizlik göstəricisidir.

4. Qablaşdırmanın problemli olması: Qablaşdırma nəm çəkibsə, şişibsə və ya yırtılıbsa tərkib dəyişmiş ola bilər.

5. Ən təhlükəlisi-etiket: Etiketində istehsalçı adı, tərkib və qeydiyyat nömrəsi yoxdursa risk yüksəkdir".

Mütəxəssis uşaqda saqqızdan sonra şiddətli qarın ağrısı, qusma, başgicəllənmə, tez-tez ishal, ağızda yanma baş veribsə, bu zaman dərhal tibbi yardıma müraciət edilməli olduğunu söyləyib:

"Saqqız təhlükəli qida deyil, amma keyfiyyətsiz, vaxtı keçmiş və ya içində yüksək miqdarda dadlandırıcı olan saqqızlar xüsusilə uşaqlarda narahatlıq və zəhərlənmə bənzəri simptomlar yarada bilər. İstehlakçılar hər zaman etiketi oxumalı, qablaşdırmaya baxmalı, şübhəli saqqızı uşaqlara verməməlidirlər. Sağlam qidalanaraq sağlam yaşayın!".