Pediatr Kənan Qarayev: "Quduzluqda ilk 72 saat həyat qurtaran vaxtdır"

  • "İt və ya pişik dişləyibsə, bunu dərhal edin!"
  • "Quduzluğun əlamətləri başlayandan sonra xəstəlik demək olar ki, həmişə ölümlə nəticələnir"

Respublika üzrə 2026-cı ilin ilk altı ayı ərzində 23293 heyvan dişləməsi qeydə alınıb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib. O, bildirib ki, bunlardan 11670 hadisə məlum heyvanlar (it, pişik), 11108 hadisə naməlum heyvanlar (it,pişik,siçovul) tərəfindən olub: “ Heyvan dişləməsinə məruz qalanlarların quduzluğa qarşı antirabik vaksinlə əhatə olunması təmin edilib. Hazırda tibb müəssisələrində kifayət qədər antirabik vaksin var. 2025-ci ilin cari dövrü ilə müqayisədə bu il 1058 nəfər artım olub”.

Şöbə müdiri qeyd edib ki, heyvan dişləməsi zamanı vaxtında tibb müəssisəsinə müraciət olunması müalicənin effektivliyi baxımından həlledici əhəmiyyət daşıyır: "Ev şəraitində müalicə kursu heç bir halda həyata keçirilə bilməz. Yalnız həkim nəzarəti altında vaksinasiya prosesi tamamlanmalıdır. Bədənin yuxarı hisəsində olan zədələnmələrdə və quduzluq diaqnozu təsdiqlənmiş heyvan dişləmələri hallarında antirabik immunoqlobulindən istifadə edilir. Bundan başqa tetanus xəstəliyindən qorunmaq üçün xəsarət alana tetanus əleyhinə anatoksin vurulur. Vaksinasiyadan sonra aktiv immunitet 10–14 gün ərzində formalaşır və tam kurs peyvənd aldıqdan sonra insanı 1 il müddətinə qoruyur".

Pediatr Kənan Qarayev Sherg.az-a açıqlamasında bildirib ki, heyvanın dişləməsi və ya cırmaqlaması nəticəsində dərinin bütövlüyü pozulduqda quduzluq virusunun insana keçmə riski yaranır. Onun sözlərinə görə, dəri zədələnməyibsə və ya heyvanın peyvənd olunmuş ev heyvanı olduğu dəqiq məlumdursa, adətən narahatlığa əsas olmur:

“Lakin söhbət sahibsiz heyvandan və ya peyvənd olunmadığı məlum olan ev heyvanından gedirsə, yaralanmış nahiyəni ən azı 5 dəqiqə ərzində bol axar su və sabunla yumaq lazımdır.Qanaxma varsa, yaranın üzərini təmiz parça və ya steril sarğı ilə örtülməlidir. Vaxt itirmədən tibb müəssisəsinə müraciət edilməlidir. Həkimin göstərişinə əsasən quduzluq və tetanus əleyhinə peyvəndlər, eləcə də zərurət olduqda antibiotik müalicəsi tətbiq olunmalıdır. Quduzluqdan qorunmaq üçün profilaktik vaksinasiyaya mümkün qədər tez, ideal olaraq ilk 72 saat ərzində başlanması böyük əhəmiyyət daşıyır. Yüngül dişlənmə və cırmaqlanma yaraları adətən 7–10 gün ərzində sağalır. Daha ağır xəsarətlərdə isə sağalma prosesi bir aya qədər davam edə bilər”.

Həkimin sözlərinə görə, quduzluq virusun törətdiyi, mərkəzi sinir sistemini zədələyən və klinik əlamətlər yarandıqdan sonra, demək olar ki, həmişə ölümlə nəticələnən ağır infeksion xəstəlikdir: “Virus ən çox peyvənd olunmamış itin dişləməsi ilə ötürülür. Bununla yanaşı, pişiklərin cırmaqlaması və ya dişləməsi, eləcə də tülkü, yarasa kimi vəhşi heyvanlarla təmas da yoluxma riski yaradır. Xəstəlik ilkin mərhələdə qızdırma, ürəkbulanma, qusma və halsızlıqla özünü göstərə bilər. Sonrakı mərhələdə narahatlıq, çaşqınlıq, su qorxusu (hidrofobiya), hallüsinasiyalar, aqressiv davranış, tüpürcək ifrazının artması, udma çətinliyi və iflic inkişaf edir. Quduzluğun qarşısını almağın ən effektiv yolu ev heyvanlarının vaxtında peyvənd olunması və heyvan dişləməsi və ya cırmaqlanması zamanı dərhal tibbi yardıma müraciət edilməsidir”.