“Donor bankı və vahid idarəçilik olmadan inkişafdan danışmaq olmaz”
Azərbaycanda son bir ildə beyin ölümü keçirmiş 11 meyitdən orqan transplantasiyası həyata keçirilib. Bu barədə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazımi "DOST TV"nin canlı efirində deyib. Onun sözlərinə görə, bu günə qədər 1 500 orqan köçürülməsi əməliyyatı icra olunub: "Onlardan 11-i meyit donordan alınan orqanların transplantasiyasıdır". Xatırladaq ki, 2025-ci il fevralın 24-də Azərbaycanda ilk dəfə meyit donordan alınan orqan köçürülməsi həyata keçirilib. 2025-ci il oktyabrın 31-də isə Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında bildirdi ki, orqan köçüülməsi bu gün dünyada getdikcə geniş vüsət alan tibb sahəsidir: 
- Ona görə vüsət alan deyirəm ki, bir tərəfdən buna ehtiyacı olanlar artır, digər tərəfdən orqan çatışmazlığı məsələsi aktuallaşır, başqa tərəfdən isə donuz orqanlarının genetik modifikasiya yoluyla insan orqanlarına genetik baxımdan adaptasiya edilməsi istiqamətində xeyli uğurlar əldə edilib. Bu işlər demək olar klinik tətbiq mərhələsindədir artıq. Bu vəziyyətdə ölkəmizdə az da olsa orqan köçürülməsi həyata keçirilir. Bu, alqışlanmalıdır. Amma bu sistem şəklini almalısır. Sistem şəklini alması ona görə lazımdır ki orqan köçürülməsi məsələsi donor bankı, bu orqan bütün hüquqi tərəfləri əsaslandırılsın, orqana ehtiyac olanların növbə sistemi yaradılsın. Hansısa bir bölgədə kimsə beyin ölümü keçiribsə, onun orqanları növbədə duran bir şəxsə, uyğun gəlirsə, dərhal köçürülsün. Bunun üçün şəffaf bir sistem qurulmalıdır. Amma bizdə səhiyyə bu sistemə keçməyib, vahid rəhbərlik təmin edilməyib. Cərrahların fədakarlığı, peşəkarlığı hesabına orqan köçürülməsinin ayrı-ayrı klinikalarda icra olunması orqan transplantasiyasında inkişaf, uğur, yüksək nailiyyət əldə olunması demək deyil. Düşünürəm ki, səhiyyə vahid bir sistemə çevrilməli, vahid proqram, vahid idarəçilik olmalı, donor bankı, növbəlilik sistemi yaradılmalıdır. Hələ bunların heç biri yoxdur.