Tozlu hava ilə bağlı SOS: Ən böyük təhlükə bu xəstələri gözləyir

  • Maskasız çölə çıxmayın, xəstəliklərin müalicəsi daha da çətinləşəcək

Həkim-pediatr Vaqif Qarayev hazırda Bakının havasında tozun miqdarının çox olmasından yazıb. Sosial şəbəkədə bununla bağlı paylaşım edən həkim yazır: 

- Bakı küləklər şəhəridir, bunu bilirik. Bu günün rəsmi məlumatına görə, Bakıda tozun miqdarı normadan çoxdur. Niyə çoxdur? Fövqəladə bir külək yoxdur axı. Bu qədər toz haradan və niyə toplanıb? İnsan müdaxilə etməsəydi bu qədər toz olmazdı. Hər addımbaşı tikinti, hər yer toz-torpaq. 

Həkim-pediatrın tozun insan orqanizminə zərəri badərə izahına keçməzdən əvvəl qeyd edək ki, rəsmi məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır. Səbəb güclü şimal-qərb küləyinin əsməsi göstərilir. Və qeyd edilir kİ, külək quru səthdəki tozu yayıb. Tozlu havanın sabah günorta saatlarınadək qalacağı bildirilir. 

Bakıya toz kütlələri bəzi vaxtlarda hardansa əsən küləklə gəlir. Lakin əsasən tozu Bakı özü istehsal edir. Necə? Şəhərdə aparılan tikintilər vasitəsiylə. Bizdə yalnız binalar tikilmir, eyni zamanda toz istehsal olunur. Tikini norma və qaydalarına əməl edilsə, bu qədər toz olmaz. Nədən ibarətdir bu qaydalar; ilk növbədə tikinti aparılan ərazi hasarlanmalı, ətrafına qoruyucu tor, tozun qarşısını alacaq, ətrafa yayılmasına əngəl olacaq xüsusi örtük, tent çəkilməlidir. Əraziyə mütəmadi su çilənməlidir ki, nəmişlik olsun, toz “yatsın”. Quru səthlər, yollar və dağıdılmış materiallar gün ərzində dəfələrlə su ilə nəmləndirilməlidir. Hətta külək əleyhinə qoruyucu şəbəkələr də var, onladan istifadə edilə bilər. Tikinti tullantıları və qum-sement kimi materiallar daşınarkən üstü örtülməli, açıq şəkildə saxlanmamalıdır. Tikinti meydançasından çıxan yük maşınlarının təkərləri yuyulmalıdır, bunun üçün xüsusi məntəqələr quraşdırılmalıdır. Bunlara əməl edilir? Edilsəydi nə dərdimiz vardı?!. Paytaxt küçələrində, magistral yollarda qum-sement, şebel töküntüləri adi hal alıb. Əlbəttə, bunlar hamısı bur balaca külək əsən kimi toz olu havaya qalxır. 

V.Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, havada tozun miqdarının çox olması ilk növbədə tənəffüs yollarının xəstəliyi olan insanlar üçün kifayət qədər ziyandır: 

- Xüsusən xroniki bronxit, xroniki pnevmaniya, bronxial astma, allergik renit olan xəstələrdə xəstəlik mütləq kəskinləşir. Və kəskinləşmə nə qədər tez-tez davam edirsə, müalicəsi də bir o qədər çətinləşir, ağırlaşır. Qorunmağa gəlincə, biz nə küləyin qarşısını ala bilərik, nə də tozun. Qorunmanın başlıca yolu qoruyucu maskadan istifadə etməkdir.