“Xeyriyyəçi" libasını geyinmək Əli Kərimliyə qismət olmadı


“Əli Kərimli adi dindirilməni də həbs kimi təqdim etməyin ustasıdır”

Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. 

Partiya sədri bildirib ki, AXCP sədri Əli Kərimlinin Müsavat Partiyasının qərargahına siyasi və ictimai fəallarla bağlı marafona qoşulmaq üçün gedərkən polis tərəfindən saxlanılmasını az qala günün sensasiyası kimi şişirtmək və onun həbs edilməsi kimi təqdim etmək sadəcə olaraq kimlərinsə fantaziyasının məhsuludur: 

“Həqiqətdə isə burada hər hansı həbsdən söhbət gedə bilməz. Binəqədi Rayon Məhkəməsinin Dəftərxanasından verilən məlumatda qeyd olunur ki, Əli Kərimlinin həbsi ilə bağlı hər hansı məhkəmə qərarı yoxdur. Binəqədi Rayon Polis İdarəsində dindirilən Əli Kərimlinin izahatı alındıqdan sonra sərbəst buraxılıb. Onun saxlanmasının səbəbi isə AXCP sədrinin "xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürməsi və kampaniya təşkil etməyə çalışması olub. Adam ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən bəzi şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə “xeyriyyə marafonu” adı altında kampaniya təşkil etməyə çalışırmış. Əli Kərimlinin bu "özfəaliyyəti" şübhəsiz ki, hüquq-mühafizə orqanlarının diqqətindən yayına bilməzdi”. 

Ə.Hüseynovun fikrincə, onun polis idarəsində dindirilməsi tamamilə normal və prosedur bir məsələdir: 

“İndi kimlərinsə bundan "siyasi şou" düzəltməsi və Ə.Kərimlini növbəti dəfə əzabkeş "lider" obrazında təqdim etmək istəməsi sağlam məntiqdən tamamilə uzaqdır. Gerçəklik isə budur ki, bu gün "xeyriyyəçi" libasını geyinmək Əli Kərimliyə qismət olmadı. Odur ki, onun həbs olunması iddiasını ortaya atmaq əlavə siyasi xal qazanmaq və gündəmdə qalmaq cəhdindən başqa bir şey deyil”. 

İsmayıl