Bu gün ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə Şimali Koreya ilə Cənubi Koreyanı ayıran hərbsizləşdirilmiş zonada görüşəcəyini təsliqləyib.
APA -nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp Seulda Cənubi Koreya Prezidenti Mun Çje İnlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, qısa açıqlama verəcək, çünki hərbsizləşdirilmiş zonada görüşə tələsir.
ABŞ Prezidenti Şimali Koreya lideri ilə görüşü səbirsizliklə gözlədiyini söyləyib. D. Tramp hesab edir ki, bu görüş üçüncü ABŞ-Şimali Koreya sammitinin keçirilmə perspektivini də ortaya qoyacaq: "Bu, sadəcə, bir addımdır. Mmükündür ki, vacib addım olsun, ya da olmasın. Yəqin ki, bu, düzgün istiqamətdə atılan addımdır. Yeni sammitə gəlincə, bu barədə düşünməzdən əvvəl bu gün nə baş verəcəyinə baxmaq lazımdır. ABŞ və Şimali Koreya münasibətləri yaxşılaşır. Amma Vaşinqton nüvəsizləşdirmə məsələsində Pxenyanı tələsdirmir".
Qeyd edək ki, Ağ Evin mətbuat katibi Pxenyanın Vaşinqtona görüş istəyini çatdırdığını bildirib. Bundan əvvəl isə D. Tram "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, hərbsizləşdirilmiş zonaya baş çəkərkən Kim Çen İnlə görüşmək istəyərdi. Şimali Koreya xarici işlər nazirinin birinci müavini Tsoy Son Xi isə Pxenyanın ABŞ Prezidentinin təklifinə müsbət yanaşdığını açıqlayıb.