Başlandı: Türkiyə ABŞ-ın təzyiqlərinə hazır olmalıdır
"Konqres və Pentaqon Türkiyəni “S-400” raketlərinə görə cəzalandırmağa çalışacaq"
Ankaranın Türkiyədən S-400 zenit-raket kompleksi alması səbəbindən Ağ Evin Türkiyəyə sanksiya tətbiq edəcəyi yönündə iddialar yayılmaqdadır. Hətta 15 iyul çevriliş cəhdindən bir müddət sonra qardaş ölkəyə qarşı sanksiyaların elan ediləcəyi bildirilir. “Bloomberg” nəşri də öz mənbələrinə istinadla yazıb ki, sanksiyanın tətbiqi yaxın günlərdə rəsmən elan olunacaq. Agentliyin məlumatına görə, üç müxtəlif sanksiya paketi arasında ən məqsədəuyğunu seçilib. Sanksiyaların nədən ibarət olacağı və hansı sahələrə toxunacağı hələlik məlum deyil. Lakin gələn həftənin sonunda Vaşinqtonun sanksiyaların tətbiqi barədə açıqlama verəcəyi deyilir.
Lakin Rusiyaya məxsus mətbu orqanlar və ekspertlər məlum alış-verişə görə Ankara-Vaşinqton arasında heç bir qarşıdurma olmayacağını bəyan edirlər. Rusiyalı parlamentari Oleq Morozov hesab edir ki, ABŞ və Türkiyə S-400-lə bağlı əvvəl-axır razılığa gələcək: “İnanmıram ki, sırf bu məsələyə görə, Ağ Ev tamamilə Ankara hökuməti ilə əlaqələri kəssin. Təbii ki, hansısa formada sanksiya tətbiq edilə bilər. Lakin düşünürəm ki, tərəflər ikisi üçün də faydalı olan danışığa gələcəklər. Yəni S-400-ün Türkiyədə qalması yönündə razılaşacaqlar”.
Vaşinqtonun narahatlığına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib. Dövlət başçısı bəyan edib ki, NATO öz müttəfiqinin sahib olduğu S 400-lərə və gələcəkdə istehsalı nəzərdə tutulan S-500-ə görə sevinməlidir:
“Tariximizin ən önəmli müqaviləsi budur. NATO sevinməlidir. Bu proses onların da gələcəyinə təsir edəcək. S-400-lərlə bağlı proses 2020-ci ilin aprelində tamamlanacaq. Rusiya ilə birgə S-500 istehsal edə bilərik”. Ərdoğan əlavə edib ki, ABŞ-ın F-35 proqramından Türkiyəni çıxarması dostluğa və müttəfiqliyə yaraşmaz.
Türkiyə ilə bağlı yaranmış vəziyyəti “Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, problemin bu həddə gəlib çatmasında Amerikanın xətalarının önəmli rolu olub. Analitikin sözlərinə görə, Türkiyənin Rusiyadan S-400 ZRK alması niyyəti öncədən bəlli idi:
“İlk vaxtlar Vaşinqton məsələni ciddiyə almadı. Güman ki, onlar bu cür xəbərlərin Ankara tərəfindən qəsdən mediaya sızdırıldığını və ABŞ-a mesaj xarakterli olduğunu düşündülər. Çünki prezident Ərdoğan Suriyada öz hədəflərinə nail olmaq üçün Rusiya ilə ABŞ arasında ustalıqla manevr etməyə başlamışdı. Bu uğurlu siyasətin nəticəsində əvvəlcə “Fərat qalxanı”, daha sonra “Zeytun budağı” əməliyyatları gerçəkləşdi. Vaşinqton bu siyasətdən məmnun deyildi. S-400 mövzusu ortaya çıxanda öz səssizliyi ilə sanki Ankaraya nümayiş etdirmək istədi ki, Vaşinqton buna inanmır. ABŞ hökumətlərinin başqa bir xətası isə odur ki, zamanında Türkiyəyə “Patriot” sistemləri satmaq üçün həvəsli davranmadılar. Konqresi bu cür önəmli alqı-satqıya razı salmaqda çətinlik çəkəcəklərini Ankaranın nəzərinə çatdırdılar. Əgər vaxtında Türkiyəyə “Patriot”lar satılsaydı, problem bu yerə gəlib çıxmayacaqdı. Yaxud S-400 sövdələşməsi barədə söz-söhbətlərin yayıldığı dönəmdə bunun mümkün neqativ nəticələri hazırda olduğu kimi, konkret şəkildə Ankaranın nəzərinə çatdırılsaydı, bəlkə də Türkiyə hökuməti hər hansı sənədə imza atmadan Rusiya ilə danışıqları dayandıracaqdı”.
Siyasi şərhçinin sözlərinə görə, son 15 ilin gedişatına baxsaq, Türkiyə-Rusiya münasibətləri keyfiyyətcə Türkiyə-ABŞ münasibətlərini üstələyir:
“Bu həm də Vaşinqtonun yanlış siyasəti ilə bağlıdır. “S-400” sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artıracaq. Bundan başqa, Türkiyə Rusiyadan əldə etdiyi texnologiya əsasında özü eyni sistemlərin istehsalına başlayacaq. Digər tərəfdən Türkiyə S-400 sistemlərinin pulunu elə Rusiyadan aldığı kreditlə ödəyəcək. Bunların heç birini Amerika Türkiyəyə təklif etmirdi. Təsadüfi deyil ki, Amerikanın hazırkı prezidenti Donald Tramp böyük səkkizlərin Yaponiyadakı son sammitində hazırkı vəziyyətə görə keçmiş prezident Barak Obamanı qınadı. Çünki Obama Türkiyəyə Patriot raketlərini satacağını vəd etsə də, bu vədini yerinə yetirmədi və qatar artıq getdi. Trampın etirafı Türkiyənin “S-400” məsələsində haqlı olduğunu göstərdi”.A.Rəşidoğlunun fikrincə, istənilən halda, Türkiyə “S-400” raketlərini əldə etdikdən sonra Amerikanın təzyiqlərinə hazır olmalıdır: “Doğrudur, Tramp Türkiyə ilə münasibətlərin daha da gərginləşməsini istəmir. Ancaq Konqres və Pentaqon Türkiyəni “S-400” raketlərinə görə cəzalandırmağa çalışacaq. Buna baxmayaraq, zaman keçdikcə Amerika Türkiyənin ərazisində Rusiya raketlərini həzm etmək məcburiyyətində qalacaq və bundan sonra münasibətlərin normallaşma prosesi başlayacaq. Çünki Türkiyə Rusiyadan aldığı “S-400” raketlərinə baxmayaraq, Amerikadan da hərbi texnika almağa çalışacaq. Bu isə Amerikanın da maraqlarına uyğundur ki, Türkiyə bazarını itirməsin, əks halda Ankara Vaşinqtondan ala bilmədiyi hərbi texnikanı da Rusiyadan almağa qərar verəcək. Son sövdələşmə Rusiyanın da maraqlarına xidmət edir. Rusiya NATO-nun əsas dövlətlərindən birinə müasir raket sistemini satdı. Bu, silah bazarında Rusiyanın mövqelərini daha da gücləndirəcək. Təsadüfi deyil ki, Türkiyənin ardınca Hindistan da Rusiyadan “S-400” sistemini almaq istəyir. Bu məsələdə Rusiya önə çıxır və bütün günahları Ərdoğana yükləmək yanlışdır”.