“Hər dəfə ölkə başçılarının və ya xarici işlər nazirlərinin görüşləri öncəsi cəbhədə erməni tərəfinin gərginlik yaratması müəyyən mesaj xarakteri daşıyır”. Bunu Sherg.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
Ekspert bildirib ki, düşmən tərəf rəsmi Bakıya “sizdən qorxmuruq və sizinlə eyni gücdəyik” mesajını verməyə çalışır: “Əslində erməni tərəfi çox yaxşı bilir ki, istər hərbi, istərsə də iqtisadi cəhətdən Azərbaycanla müqayisə olunmayacaq dərəcədə zəifdir. Ermənistan rəhbərliyinin təxribatları əksər hallarda himayədarları ilə razılaşdırılır. Ancaq görüş öncəsi müharibə ritorikasının yaradılması təmas baş tutmazdan əvvəl artıq onun nəticəsini məlum edir. Bu da erməni tərəfinin sülh danışıqlarına münasibətini göstərir. Eyni zamanda sadəcə vaxt uzatmaq və görüş xətrinə görüş keçirmək fikrini bir daha sübut edir”.
Partiya funksioneri vurğulayıb ki, “Qarabağ klanı” bu prosesdə sadəcə əmrləri yerinə yetirən alətdir və Rusiyaya tabedir:
“Azərbaycan Ermənistandan dəfələrlə güclü olsa da, cərəyan edən proseslərə ehtiyatla yanaşmalıdır. Düşmən tərəf sürprizlərdən bəhs edir. Əlbəttə, bu, düşmənin dezinformasiyası da ola bilər. Lakin istənilən halda hər bəyanata ciddi yanaşmalıyıq. Nə qədər ki, nəticəsiz danışıqlara davam edəcəyik, erməni tərəfi daha da həyasızlaşacaq. Ona görə də görüş öncəsi sərt bəyanatlarla, hətta kiçik də olsa hərbi əməliyyatlarla erməni tərəfinə nə qədər ciddi olduğumuzu, səbrimizin sonsuz olmadığı mesajını qəti verməliyik”.