“Paşinyan və komandasının bu cür fikirlər səsləndirməsinin əsas səbəbi Azərbaycan-Türkiyə münasibətlərinin daha da sıxlaşması, bunun əksinə Ermənistanın getdikcə təklənməsidir”
Bunu “Sherg.az”a açıqlamasında politoloq Rusif Məmmədsoy deyib.
Analitik bildirib ki, son dövrlər Türkiyənin Rusiya ilə yaxın əməkdaşlıq etməsi də Ermənistan hökumətində ciddi təşviş yaradıb:
“Artıq dünya ictimaiyyətində Dağlıq Qarabağ mövzusu haqqında daha çox danışılır, ermənilərin işğalçı siyasəti müzakirə olunur. Bununla yanaşı, ölkəmizdə Türkiyə hərbi bazalarının yaradılması ilə bağlı fikirlər də səsləndirilir. Təbii ki, bütün bunlar qarşı tərəfdə qorxu və qıcıq yaradır.
Bunun da məntiqi nəticəsi kimi bu cür sərsəm bəyanatlarla qarşı-qarşıya gəlirik. Əslində Paşinyan hökuməti hər bir vəchlə aktiv döyüşdən qaçır. Çünki bunun üçün düşmənin əlində heç bir resurs yoxdur.
Ermənistan hərbi və iqtisadi baxımdan Cənubi Qafqazın ən güclü dövləti ilə kəllə-kəlləyə gələ bilməyəcəyini yaxşı başa düşür. Hakim komanda üzvləri bu tip bəyanatlar verməklə, populist çıxışlar etməklə sanki qorxmadıqlarını sübut etməyə çalışırlar.
Türkiyə-Rusiya əməkdaşlığı irəliyə gedəcəyi təqdirdə bu cür fikirlər daha çox səslənəcək. Düşünürəm ki, Azərbaycan tərəfi artıq cəbhə bölgəsində daha aktiv fəaliyyət göstərməli və qarşı tərəfi daim təzyiq altında saxlamalıdır”.