“Paşinyan Ermənistanı iqtisadi-siyasi fəlakətə doğru aparır” - Endiriləcək!



“Düşmən ölkənin daxilində cərəyan edən ictimai-siyasi prosesləri izləmək bizim üçün olduqca vacibdir”.
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 
Partiya sədrinin sözlərinə görə, bizimlə müharibə vəziyyətində olan Ermənistanın təkcə cəbhə bölgəsində hər gün təkrarlanan təxribatçı hərəkətləri haqda operativ məlumat almaq kifayət deyil: 
“Bu gün Ermənistanın daxili siyasi mühitində nələr baş verir? Paşinyan iqtidarı ilə "Qarabağ klanı"nın həbsdə olan lideri Robert Koçaryan arasında siyasi mübarizənin getdikcə daha da kəskinləşməsi heç şübhəsiz ki, Ermənistanın siyasi gündəminin bir nömrəli məsələsidir. Hazırki Ermənistan iqtidarının gələcək aqibəti də məhz bu qarşıdurmanın nəticəsindən asılı olacaq.
Paralel olaraq erməni ictimaiyyətinin az qala bütün təbəqələrində Nikol Paşinyan hökumətinə qarşı etiraz əhval-ruhiyyəsinin gündən-günə güclənməsi isə Paşinyanı tamamilə küncə sıxışdırmaq üçün Koçaryana əlavə siyasi dividendlər vermiş olacaq.
Gördüyümüz kimi indi Ermənistanda narazılar öz etirazlarını təkcə sosial şəbəkələr üzərindən sadəcə sözlə ifadə etmirlər. Paşinyanın yürütdüyü siyasətdən narazı olan sıravi ermənilər də hər gün küçələrə çıxır, izdihamlı məkanlarda etiraz aksiyaları təşkil edirlər. Bütün bunlar Paşinyana ciddi sosial-siyasi siqnaldır. Küçədən birbaşa hakimiyyətə gələn təcrübəsiz, naşı baş nazir indi həm özünü, həm də erməni xalqını sözün əsl mənasında dalana dirəyib. Paşinyanın bu situasiyadan uğurla çıxa biləcəyi isə böyük bir sual altındadır.
Onun nə seçki öncəsi verdiyi şirnikləndirici vədləri yerinə yetirə bilmək, nə də Serj Sarkisyanın hakimiyyət dönəmindən yığılıb qalmış sosial-iqtisadi problemləri həll etmək üçün optimal reseptləri, "sehirli çubuğu" yoxdur. Necə deyərlər, “bütün yollar Romaya doğru apardığı” kimi Ermənistanın mövcud ictimai-siyasi durumu da Paşinyan hökumətinin siyasi səhnədən süpürülüb atılmasına doğru aparır”. 
Ə.Hüseynov vurğulayıb ki, Paşinyan Ermənistanın “siyasi Olimp”inə inqilab yolu ilə gəldiyi kimi inqilab yolu ilə də həmin Olimpdən endiriləcək: 
“Ermənistan ikinci "məxməri inqilab"a hamilədir. Başqa alternativ yoxdur. Paşinyanı nə tez-tez Qarabağla bağlı səsləndirdiyi populist fikirlər, nə Ermənistanın 2050-ci ilə hesablanmış inkişaf hədəfləri haqda xülyalar, nə də Qərbdən gözlədiyi maliyyə dəstəyi xilas edəcək. Paşinyan Ermənistanı iqtisadi-siyasi fəlakətə doğru aparır.
Erməni xalqının çıxış yolu Paşinyan rejimindən mümkün qədər tez xilas olmaqdır. Ermənilər Paşinyanı hakimiyyətə gətirərkən gözləyir və ümid edirdilər ki, o, Qarabağ problemini çözəcək. Ermənistanı iqtisadi blokada şəraitindən çıxaracaq və ölkənin iqtisadi inkişafına yol açacaq. Lakin gözləntilərin heç biri doğrulmadı. Odur ki, indi erməni ictimaiyyətinin yeni bir siyasi lider, normal baş nazir axtarışını anlayışla qarşılamaq olar”.