Fazil Mustafa iqtidar-müxalifət dialoqunu alqışladı: “...Əhəmiyyəti böyükdür”


“Dağlıq Qarabağ kimi bir problemimiz var. Siyasi qüvvələr mütləq bu problemdə həmrəklik nümayiş etdirməlidirlər ki, gələcəkdə Azərbaycana təzyiqlər olmasın”


Bakıda “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirilib. 
Tədbirdə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, həmçinin media və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılıya və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluya dəvət göndərilsə də, onlar dəyirmi masaya qatılmayıblar.

Bu görüşün əhəmiyyəti ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Fazil Mustafa söyləyib ki, bütün hallarda analoji dəyirmi masaların keçirilməsi vacibdir.
Deputat bildirib ki, siyasi qüvvələr arasında dialoq olmadan ölkədəki islahatları uğurla başa çatdırmaq çətindir:

“Çünki bu islahatların effektiv həyata keçməsi üçün cəmiyyətin də dəstəyi olmalıdır. Dağlıq Qarabağ kimi bir problemimiz var.

Siyasi qüvvələr mütləq bu problemdə həmrəklik nümayiş etdirməlidirlər ki, gələcəkdə Azərbaycana təzyiqlər olmasın. Ümumiyyətlə, müxalifətlə iqtidar arasında münasibətlərin tənzimlənməsi həm də siyasi etikanın təkmilləşməsinə xidmət edir.

Söyüş müxalifətində başqa anlayışlar ortadan qalxacaq və siyasi ritorika daha sağlam zəminə oturacaq.

Ölkəyə xarici müdaxilələrin qarşısını almaq üçün dirəniş faktoru ortaya çıxacaq. Bütün bunlar çox ciddi məsələdir. Ona görə də keçirilən dəyirmi masanın siyasi əhəmiyyəti olduqca böyükdür”.