Bir neçə il aradan sonra Azərbaycanda iqtidar-müxalifət dialoqu baş tutdu. Belə ki, sentyabrın 11-də Ana Vətən Partiyasının təşkilatçılığı ilə Bakıda “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda "dəyirmi masa" keçirildi. Tədbir “dəyirmi masa” adlandırılsa da, faktiki olaraq iqtidar-müxalifət dialoqunu xatırlatdı desək yanılmarıq. Görüşdə ölkəmizdə fəaliyyət göstərən demək olar ki, bütün siyasi təşkilatlar, müxalif partiyalar, Qeyri Hökümət Təşkilatları, müstəqil siyasətçilər iştirak etdi. Müzakirə olunan mövzunun nə olmasına baxmayaraq, tədbiri ölkədə yeni siyasi münasibətlər konteksinin başlanğıcı adlandırmaq mümkündür.
Təbii ki, ortaya qoyulan mövzu heç də qeyri-aktual deyil – Azərbaycan siyasətinə xarici müdaxilələrlə bağlı idi. Dialoqa hökumətə qarşı sərt mövqedə dayanan, hər zaman hökumətin siyasətini tənqid edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin, Azərbaycan Milli İstiqlal Partiyasının katibi Arzuxan Əlizadənin, Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseynin qatılması görüşün geniş masştablı olduğu faktını ortaya qoyur.
Həmişəki cığallar....
Bəs görüşə qatılmayan təşkilatlar hansılardır? Hansılar ki, zaman-zaman iqtidar-müxalifət dialoqu tələb edənlər...
Bunlardan biri Müsavat Partiyasıdır. Təşkilatçılar tərəfindən Müsavata dəvət göndərilsə də, partiya səlahiyətlilərindən kimsə tədbirə qatılmayıb. Müsavatın başqanı Arif Hacılı imtinanı bununla əsaslandırıb ki, tədbirin mövzusunu anlamayıb... Yəni mövzu başqana anlaşılmaz gəlib. Halbuki, ortada anlaşılmaz bir durum yoxdur – mövzu Azərbaycanın daxili işlərinə xaricdən müdaxilə cəhdlərindən gedir ki, hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, hər bir təşkilat xarici müdaxiləyə qarşı birlik nümayiş etdirməlidir. Ölkəmizin daxili işlərinə “burun uzadılır”sa, bu təkcə hakimiyyətin problemi deyil, milli məsələ olduğu üçün bütün siyasi qüvvələrin narahat olacağı haldır. İnandırıcı gəlmir ki, hakimiyyətə iddialı, 35 ildən çoxdur ki, siyasətlə məşğul olan Arif Hacılı mövzunu anlamayıb. Əlbəttə ki, anlayıb. Sadəcə cığallıq edir.
Dəvət göndərilən daha bir partiya, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) da dialoqa qatılmaqdan imtina edib. Partiya bunun səbəbini qurumun İdarə Heyətinin qərarı ilə əsaslandırıb. İdarə Heyəti belə qərara gəlib ki, görüşdə iştiraka lüzum yoxdur. Düzü Mirmahmud Mirəlioğlu kimi milli mövqeli bir siyasətçinin milli mövzu ilə bağlı tədbirə qatılmaması qaranlıq qalır. Mirmahmud ağanı adətən bu cür dialoqlarda ön sıralarda görmüşük. Güman ki ya zamanı olmayıb, ya da İdarə Heyətində radikal, barışdırıcı mövqe tutmayan şəxslərin sayı çoxluq təşkil edir. İnanırıq ki, bundan sonrakı dialoqlarda KXCP təmsil olunacaq, həm də rəhbərlik səviyyəsində.
Bu şəxslərin “cib müxalifəti”, “peyk müxalifəti” adlandırılması, onları aşağılamaq deməkdir
Gələk görüşə qatılmayan digər müxalif partiyalara – Respublikaçı Alternativ Partiyasına (ReAL) və Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP). Bu təşkilatların da rəhbərliyindən “dəyirmi masa”ya heç kim qatılmayıb. Daha doğrusu sözügedən qurumlara təşkilatçı tərəfindən dəvət göndərilməyib. Güman ki ReAL rəsmi qeydiyyatsız təşkilat olduğu üçün, dəvətsiz qalıb. AXCP-yə dəvət göndərilməməsi səbəbi kimi isə, təşkilatçı partiyanın sədri Fəzail Ağamalı aydınlıq gətirib. O, deyib ki, xaricdən ölkənin daxili işlərinə qarışmaq istəyən qüvvələrə yardım edənlərdən biri də məhz AXCP-nin özüdür.
Məntiqlə doğru yanaşmadır. Çünki Azərbaycanı istəməyən, ölkəmizə qarşı qərəzli mövqedə dayanan, bəzi beynəlxalq qüvvələrin dəyənəyinə çevrilən xaricdəki söyüş mühacirlərinin əksəriyyəti məhz radikal cəbhəçilərdir. Belə olan halda məlum mövzuda keçirilən “dəyirmi masa”ya AXCP-nin dəvət edilməsi zidiyyətli olardı.
Amma indi görün AXCP dialoqla bağlı hansı fikirdədir?! Milli Şuranın kordinatorlarından olan, dolayısı ilə AXCP sədri Əli Kərimlinin müavini funksiyasını daşıyan Gültəkin Hacıbəyli bəyan edir ki, dəvət edilsələr də tədbirə qatılmayacaqdılar.
Sitat: “Bu dialoq deyil, dialoqun imitasiyasıdır. Biz bu və bundan sonra keçirilən görüşə qatılmaq fikrində deyilik. Orda iştirak edən partiyalar da, “cib müxalifəti”dir”.
“Cib müxalifəti” ifadəsinə yaxşı olar ki, ora qatılan siyasilər, xüsusən də Pənah Hüseyn, Sərdar Cəlaloğlu, Əli Əliyev cavab versinlər. Çünki ittiham onlaradır. Həm də kifayət qədər ağır ittihamlardır. Ona görə ki, adlarını zikr etdiyim şəxslər 30 ildir ki siyasi proseslərin içərisindədirlər, müxalifətdə təmsil olunurlar, mətbuatda mütəmadi olaraq sərt ritorika ilə hökumətə qarşı çıxışlar edirlər. İndi bu şəxslərin “cib müxalifəti”, “peyk müxalifəti” adlandırılması, onları aşağılamaq anlamı verir.
Axı, məsələn Pənah Hüseyni aşağılayan siz, qaragüruh radikal cəbhəçilər AXP liderindən daha çox demokrat deyilsiniz? Yoxsa Pənah bəydən savadlısız, ağıllısınız? Halbuki, Əbülfəz Elçibəy iqtidarının ən intellektli, ən bacarıqlı və ən demokrat kadrlarından biri və bəlkə də birincisi məhz Pənah bəydir. Demək ki, tədbirə qatılan AXP liderini də “cib müxalifəti” adlandırıb, onu aşağılamaq, məkrinizi açıq-aydın ortaya qoyur.
Sizin dərdiniz dialoq yox, zorakılıq, radikallıq, sabitliyi pozmaq, xaricdəki havadarlarınıza qulluq etməkdir
Qaldı ki, Gültəkin xanımın “bundan sonrakı belə tədbirlərə qatılmayacağıq” ifadəsini hikkə ilə deməsinə - sual olunur niyə? Axı siz deyildinizmi “ölkədə iqtidar-müxalifət dialoqu yoxdur”, “Azərbaycanda siyasi pülüralizm yoxdur”, “iqtidar dialoqda maraqlı deyil” kimi pafoslu ifadələrdən istifadə edərək car çəkən?! Siz deyildinizmi hansısa beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə hökumətdən dialoq mühitinin olmamasına görə şikayətlənən?! Bəs indi görüş keçirilir, iqtidar partiyası da ora ən yüksək ranqlı səlahiyyətlisini göndərirsə, İcra katibi səviyyəsində təmsil olunursa, niyə müzakirəyə qatılmırsız?! Lap elə dəvət gəlməyib. Dəvətsiz nümayəndəniz gəlib orada iştirak edə bilməzdi? Kimsə qolundan tutub bayıra atmayacaqdı ki...
Orda kifayət qədər maraqlı, lazımlı müzakirə aparıldı. Müxalifət partiyalarının sədrləri hakim partiya yetkililərinə canlı şəkildə bir çox məsələlərdə etirazını bildirdi, fikrini səsləndirdi. AXCP-nin də nümayəndələri gəlib sözlərini deyə bilməzdilər? Bəs siyasi plüralizm, söz azadlığının təmini necə olur? Yox, gəlmədiniz, gələ də bilməzdiniz. Çünki xaricdən ölkəmizin daxili işlərinə burun soxmaq istəyən qərəzli qüvvələrə dəyənəklik etməyi Avropadakı mühacirlərə siz tapşırırsınız. Hökuməti, ziyalıları, deputatları, məmurları, cəmiyyəti, xalqı həmin mühacirlərə siz göstəriş verib söydürürsünüz. Bu halda dialoqda gəlib, xarici qüvvələrə xidmət etmədiyinizi, mühacirlərə söyüş təlimatını vermədiyinizi əsaslandıra bilməyəcəyiniz üçün qatılmadınız. Həm də axı sizin dərdiniz plüralizm, siyasi aktivlik deyil. Sizin dərdiniz zorakılıq, radikallıq, ölkədəki sabitliyi pozmaq, xaricdəki havadarlarınıza qulluq etməkdir.
Sabah ümummilli məsələ olan Qarabağ problemi ilə bağlı siyasi qüvvələrin dialoqu keçiriləndə də qatılmayacaqsınız. Özünüzün dediyiniz kimi, bundan sonrakı görüşlərdə iştirak etmək niyyətiniz yoxdur. Görünən odur ki, yuxarıda da vurğuladığım kimi sizi Azərbaycan dövləti, Azərbaycanın müstəqilliyi, Vətənin milli mənafeyi yox, ölkəmizi sevməyən xarici dairələrin ayırdığı pullar, verdiyi tapşırıqlar maraqlandırır. Bütün hallarda isə özünüzü çıxdaş etdiyiniz üçün, hər zaman da çıxdaş olaraq kənarda qalacaqsınız. Azsaylı tərəfdarlarınız da zaman-zaman məkrinizi anlayacaq, sizlərdən uzaqlaşacaq. Necə ki illərdir tərəfdarlarınızı itirib, bir ovuc qalmısınız, bir müddətdən sonra da siyasi səhnədən tamamilə yox olacaqsınız.
Barışa ilk addım
Gələk dialoqun mahiyyətinə. Sözügedən tədbiri son illərin ən böyük diskussiyası adlandırmaq olar. Bütün sağlam düşüncəli siyasi qüvvələrin bir araya toplanması, fikir mübadiləsi aparması gözəl mənzərə yaratmaqla yanaşı olduqca vacib amildir. Hər bir güclü dövlətin inkişaf etməsi üçün, siyasi qüvvələrin milli məsələlərdə konsensus əldə etməsi, ümummilli məsələlərdə birlik nümayiş etdirməsi, ölkənin taleyi, müstəqilliyinin qorunub-saxlanması ilə bağlı həmrəy olması lazımlıdır. Bəzi antimilli, radikal, qeyri-sağlam təşkilatların cığallığına baxmayaraq dialoq baş tutdu. Açıqlamalardan belə qənaətə gəlmək olar ki, belə “dəyirmi masa”lar davamlı olacaq, mütəmadi keçiriləcək. Bunu ölkəmizin siyasi arenasında və cəmiyyətdə barış mühitinin formalaşdırılması naminə hakim qüvvənin addımı saymaq olar. Davamlı olsun.