Tural Abbaslı: “Artıq müxalifətin də dövlətçiliyin təhlükəsizliyinin tərkib hissəsi olduğunu dərk etmək zamanıdır”
Fəzail Ağamalı: “Çox istərdim ki, gələcək görüşlərimizdə dəvət olunan bütün partiyalar, şəxslər iştirak etsinlər”
Sentyabrın 11-də Ana Vətən Partiyasının (AVP) təşkilatçılığı ilə baş tutan iqtidar-müxalifət görüşü hələ də müzakirə predmetidir. “Dəyirmi masa”nı siyasi arenada canlanma, dialoqun başlanğıcı adlandıranların sayı çoxdur. Siyasilərin əksəriyyəti belə hesab edir ki, bu tip görüşlər, ölkənin taleyi ilə bağlı iqtidar-müxalifətin birgə müzakirələri barış mühitinin yaranması ilə yanaşı, demokratiyanın inkişafına töhfədir.
Görüşü müsbət qiymətləndirənlərlə yanaşı, prosesin davamlı olmağını istəyənlərlə bərabər, belə fikir mübadiləsinin məqsədə çatmadığı, yarımçıq qaldığını söyləyənlər də var.
“Dəyirmi masa”da iştirak etmiş AĞ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a deyib ki, uzun müddətdən sonra təşkilatçısı birbaşa hakim Yeni Azərbaycan Partiyası (YAP) olmasa da, iqtidar və müxalifətin bir araya gəlməsini müsbət qiymətləndirir. Onun sözlərinə görə, müzakirə mövzu başqa olsa da görüşün sonunda qəbul edilən yekun bəyanatda Qarabağ məsələsi, ölkədə siyasi-iqtisadi islahatların aparılması, dövlətçiliyə qarşı təhlükələrə birgə dayanmaq barədə məqamlar öz əksini tapıb:
“Hesab edirəm ki, iqtidar və müxalifətin birgə həll etməli olduğu kifayət qədər məsələlər var. Artıq müxalifətin də dövlətçiliyin təhlükəsizliyinin tərkib hissəsi olduğunu dərk etmək zamanıdır. Elə müzakirələr zamanı da bu fikirlər səsləndi ki, Azərbaycan siyasətinin bu vəziyyətə qoyulmasının nəticəsində xarici təhdidlər qarşısında aciz qalmışıq. Əgər güclü iqtidar varsa, güclü müxalifət də olmalıdır. Məncə bu cür diskussiyalar zamanı partiyalar arasında ayrı-seçkilik qoyulması yaxşı deyil. Cəmiyyətdə qəbul olunan bütün siyasi təşkilatlar dəvət edilməlidir. Biz problemləri qəzet səhifələrində, sosial şəbəkələrdə təhqirlə yox, masa ətrafında apardığımız polemika ilə həll etməliyik. Ümumilikdə hesab edirəm ki, bu “dəyirmi masa”nı iqtidar-müxalifət və xalq arasında dialoqun başlanğıc cəhdi kimi qiymətləndirmək olar. Çünki görüşdə QHT-lər, media da təmsil olunurdu. Biz müxalif partiya olaraq həmişə dialoqun, təşkilinin tərəfdarıyıq”.
Tədbirin təşkilatçısı AVP-nin sədri, millət vəkili Fəzail Ağamalı deyilən fikirlərdən asılı olmayaraq bütövlükdə “dəyirmi masa”nı yüksək qiymətləndirir. Onun sözlərinə görə baxmayaraq ki, mövzudan kənara çıxmalar, haqsız ittihamlar da səsləndirilib:
“Amma uzun illər idi ki, belə görüş olmamışdı. YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov kimi iqtidarın nüfuzlu bir siması da orada iştirak etdi. Sonda istisnasız olaraq, iştirakçılardan hər birinin imzası ilə bəyanat qəbul olundu. Çox şadam ki, bu “dəyirmi masa” qarşıya qoyduğu məqsədə çata bildi. Təəssüf edirəm, dəvət olunanların bəziləri hansısa səbəblər ucbatından tədbirə qatılmadı. Amma bundan dolayı bir incikliyim də yoxdur. Əsas odur ki, məqsədimizə çata bildik”.
Görüşün davamlılığı ilə bağlı isə F.Ağamalı söyləyib ki, siyasi partiya təmsilçilərinin, müstəqil siyasi ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, media təmsilçilərinin iştirakı ilə belə toplantılar davamlı keçirilsə yaxşı olar:
“Çox istərdim ki, gələcək görüşlərimizdə dəvət olunan bütün partiyalar, şəxslər iştirak etsinlər. Düşünürəm, biz buzu sındıra bildik, bu sindromu aradan qaldıra bildik. Hər birimiz, xüsusilə ölkə iqtidarı iqtidar-müxalifət dialoqunda maraqlıdır. Bir müddət əvvəl Prezidentin ictmai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Baş nazirin müavini Əli Əhmədov səviyyəsində ciddi açıqlamalar səsləndirilmişdi. Mən çox arzulayardım ki, bu rəsmi açıqlamalara əks qütbdə dayanan müxalifət təmsilçiləri də adekvat mövqe ilə yanaşsınlar”.