Növbədənkənar seçki: Dövrün çağırışlarına cavab verən parlamentə ehtiyac var

“Yeni Azərbaycan Partiyası üzvlərinin təşəbbüsü ilə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsinə dair tarixi bir qərar qəbul edildi. Qərar həm digər siyasi partiyaların üzvü olan, həm də müstəqil deputatlar tərəfindən də dəstəkləndi. Bununla da YAP Azərbaycanın ən yeni siyasi tarixində ilk dəfə olaraq belə bir siyasi qərarın qəbul edilməsinin təşəbbüskarı kimi bir daha ölkədə siyasi mədəniyyətin inkişafına öz töhfəsini vermiş oldu".

Sherg.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Şəmsəddin Hacıyev deyib. O, bildirib ki, qərar müasir dövrün çağırışlarını özündə ehtiva edən obyektiv zərurətdən irəli gəlir:

"2018-ci ildən başlayaraq Azərbaycan özünün sosial-iqtisadi inkişafında tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Şübhəsizdir ki, ölkəmizdə bu gün də davam edən sistemli islahatlar nəticəsində cəmiyyətin bütün sahələrini əhatə edən ciddi, inqilabi dəyişikliklər dövlətin icra və məhkəmə hakimiyyət qollarında olduğu kimi, qanunvericilik hakimiyyətindən də kənarda qala bilməzdi. Fikrimcə, Azərbaycan Respublikasının Milli Məclisində nəzərdə tutulan islahatlar üç istiqamətdə getməlidir. Birincisi, Milli Məclisin tərkibi yeniləşməli, ikincisi, Milli Məclisin fəaliyyət prinsipləri və mexanizmləri yeni tələblər səviyyəsində qurulmalı və üçüncüsü, Milli Məclisdə qəbul edilən qanunların yerinə yetirilməsinə parlamentin nəzarəti gücləndirilməlidır". 



Şəmsəddin Hacıyev: "Milli Məclisdə nə qədər çox konstruktiv alternativ fikirlər irəli sürülərsə, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün bir o qədər geniş imkanlar yaranar"


Ş.Hacıyev qeyd edib ki, yeni çağırış Milli Məclisin uğurla formalaşması keçiriləcək növbədənkənar seçkilərdə deputatlığa namizədlərin hansı meyarlara cavab verməsindən asılı olacaq:

“Hesab edirəm ki, dövlətin, xalqın maraqlarını hər şeydən üstün tutan, milli-mənəvi dəyərlərimizə bağlı, qanunvericilik sahəsində təcrübəyə malik, seçicilərlə mütəmadi təmas saxlayan, onların problemlərini öz problemi kimi qəbul edən, ölkənin ictimai-siyasi proseslərində fəal iştirak edən, dünyada baş verən qlobal prosesləri düzgün qiymətləndirə bilən, dünya ölkələrinin mütərəqqi parlamentarizm təcrübələrini Azərbaycan reallığında tətbiq etməyi bacaran, şəxsi keyfiyyətləri, mənəviyyatı, milli ruhu, intelekti ilə fərqlənən, sözün əsl mənasında Azərbaycan vətəndaşı Milli Məclisdə təmsil olunmalıdır. Milli Məclisdə nə qədər çox konstruktiv alternativ fikirlər irəli sürülərsə, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün bir o qədər geniş imkanlar yaranar".

Millət vəkili vurğulayıb ki, 5-ci çağırış Milli Məclis öz fəaliyyəti müddətində qanunvericilik sahəsində əhəmiyyətli işlər görüb:

"Təkcə onu demək kifayətdir ki, ötən bu dövr ərzində Milli Məclisdə 1700-dən çox qanun və qanunlara dəyişikliklər qəbul edilib. Təsadüfi deyil ki, Azərbaycan parlamentinin 100 illiyi qeyd olunarkən möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışında Milli Məclisin fəaliyyətinə yüksək qiymət verdi. YAP-ın təşəbbüsü ilə növbədənkənar seçkilərə gedilməsi, bəzi müxalifət nümayəndələrinin “Milli Məclis Prezidentin etimadını doğrultmadı”, “Milli Məclisdə böhran hökm sürür” kimi əsassız fikirləri ilə deyil, birmənalı olaraq ölkə başçısı tərəfindən həyata keçirilən sistemli islahatların hakimiyyətin bütün qollarını əhatə etməsinin zəruriliyidir. Yəqin ki, hətta qeyri-rəsmi olaraq hakimiyyətin dördüncü qolu kimi qəbul edilən media sahəsində də ciddi dəyişikliklərin aparılması gözləniləndir. Xüsusilə parlament-media münasibətlərinin aparılan islahatların tələblərinə uyğun olaraq yeni əsaslarda qurulmasına ciddi ehtiyac var. İstənilən halda, vaxtından əvvəl seçkilərə gedilərək yeni çağırışlara və yeni hədəflərə müvafiq olaraq xalqın etimadını qazanan deputatların təmsilçiliyi ilə növbəti çağırış Milli Məclisin formalaşması, əminik ki, ölkəmizdə islahatların daha sürətli, daha uğurlu və genişmiqyaslı şəkildə aparılmasına müsbət mənada ciddi təsir göstərəcək. Eyni zamanda dövlət hakimiyyətinin bütün qolları arasında əlaqələrin daha səmərəli qurulmasına lazımi imkanlar yaradacaq".

Qeyd edək ki, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş edib.
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var.

Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul edib.

Elə həmin gün Prezident İlham Əliyev Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb. Sorğuya Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də saat 12:00-a təyin edilmiş iclasında baxılacaq.