MSK sədri: "Bəzi görüntülərə 2-3 dəfə baxmışıq"

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülərə Mərkəzi Seçki Komissiyasının üzvləri ilə 2-3 dəfə baxmışıq. Həmin görüntülər ciddi şəkildə araşdırılıb. Əgər ciddi məqamlar aşkarlanıbsa, bu, MSK tərəfindən nəzərə alınıb. Bu, bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarda əksini tapacaq.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında bildirib.

MSK sədri qeyd edib ki, bəzi şəxslər diqqəti daha çox sosial şəbəkələr vasitəsilə tərəfdar yığmağa yönəldiblər. Ümumi xarakterli narazılıq əvəzinə, konkret hansı məntəqədə hansı pozuntuların olması barədə faktlar təqdim olunmalıdır, konkret pozuntulardan danışılmalıdır. Səsvermə günü məntəqələrdə olan insanlar pozuntuları müşahidə edə bilərlər. Seçki Məcəlləsinin tələbinə əsasən, pozuntu varsa bu barədə yuxarı seçki komissiyalarına müraciət edilməlidir. Daxil olan müraciətlərdə bu məlumatlar əksini tapmalıdır. Pozuntuların kim tərəfindən müşahidə edilərək təqdim olunması açıqlanmalıdır, bu, qanunvericiliyin tələbidir. Yoxsa istənilən bir şəxsin bütün məntəqələrə getməsi və səsvermədə pozuntulara yol verildiyini iddia etməsi normal hal deyil.