"Parlament seçkisində deputatlığa namizəd kimi iştirak etmirəm" - Elçin Mirzəbəyli


"Bildiyiniz kimi deputatlığa namizədliyim Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının İdarə Heyəti tərəfindən irəli sürülmüşdü. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, digər namizədlər kimi mənim də sənədlərim - partiyanın qərarı, bildiriş və s. - DSK-ya təqdim olundu. Mən isə öz növbəmdə namizədliyimi irəli sürdüklərinə görə partiyanın sədri Qüdrət Həsənquliyevə və BAXCP-nin seçkili orqanlarına təşəkkürümü bildirdim və seçkidə iştirak etmək niyyətimin olmadığını onların diqqətinə çatdırdım. Şəxsi qərarıma anlayışla və sayğı ilə yanaşdılar, buna görə də onlara minnətdaram".

Bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli özünün feysbuk səhifəsində yazıb.

O, qeyd edib ki, bu müddət ərzində heç bir seçki hərəkəti həyata keçirməyib, nə xüsusi seçki hesabı açıb, nə imza vərəqələri götürüb, nə də digər sənədləri:

"Heç 15 saylı Yasamal birinci seçki dairəsinin həndəvərindən də keçməmişəm. Bu isə sadə Azərbaycan dilində o deməkdir ki, mən parlament seçkisində deputatlığa namizəd kimi iştirak etmirəm. Yəqin ki, başa düşdünüz, seçkidə iştirak etməyən bir şəxsin namizədliyinin nəinki qeydə alınıb-alınmaması, hətta müzakirəyə çıxarılması belə mümkün deyil.
Onu da qeyd edim ki, seçki elan olunduğu gündən bütün digər işlərimə, o cümlədən "Xəzər Aktual" proqramının aparıcısı kimi fəaliyyətimə fasilə vermişəm. Çünki partiyanın baş katibi Yaşar Kələntərli ilə birlikdə BAXCP-nin seçki qərargahına rəhbərlik edirdim. Hazırda Qüdrət Həsənquliyevin seçki qərargahının rəhbəri və onun vəkiliyəm.
Qanunvericiliyinin tələblərinə və peşə etikasına əməl edib KİV-dəki fəaliyyətimdən fevralın 10-dək ayrılmışam. Seçkidən sonra hər şey əvvəlki məcrasına qayıdacaq. Bir daha bəyan edirəm: Parlament seçkisində deputatlığa namizəd kimi iştirak etmirəm!".

Turan