Politoloq: “Prezident Davosda Azərbaycanın Qarabağla bağlı mövqeyini bir daha dünyanın diqqətinə çatdırdı”

“Davos forumu Azərbaycan üçün olduqca faydalıdır. Prezident İlham Əliyev neçə illərdir ki, bu forumda iştirak edir”. Bu sözləri Sherg.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin sədri  Elxan Şahinoğlu deyib.

Analitik bildirib ki, belə forumlar iqtisadi baxımdan hər ölkə üçün əlverişlidir:

“Dövlət başçıları böyük şirkətlərin liderləri, prezidentləri ilə görüşlər keçirirlər. Məsələn, dünən cənab Prezident “BP” və “Lukoil” kimi böyük şirkət rəhbərləri ilə görüşdü, onların gələcəkdə Azərbaycanda fəaliyyətləri müzakirə edildi.

Davos Forumu digər tərəfdən siyasi istiqamətləri də təşkil edir. Dünən ölkə başçısının Pakistan, Monqolustan və Polşa liderləri ilə görüşü oldu, qarşılıqlı və faydalı məsələlər müzakirə edildi”.

E.Şahinoğlu qeyd edib ki, cənab Prezidentin Davos Forumunda iştirakında əsas istiqaməti Dağlıq Qarabağ təşkil edir:

“Ölkə başçısı Davosdakı konfrans və görüşlərdən istifadə edərək münaqişə barədə beynəlxalq aləmə məlumat verir, Azərbaycanın mövqeyini bir daha dünyanın diqqətinə çatdırır. Yəni, Davos Forumu hansı istiqamətdə keçirilirsə, bu, Azərbaycan üçün faydalıdır. Bir var il ərzində Bakıda hansısa şirkət rəhbərləri və dövlət başçılarını qəbul edəsən, bir də var ki, toplu şəkildə böyük bir forumda hamısı ilə görüşəsən. 4 gün gərgin iş nəticəsində ölkəmiz üçün lazımlı nəticələr əldə edilib. Bu baxımdan Davos İqtisadi Forumu istənilən nöqteyi nəzərdən Azərbaycan üçün çox faydalıdır. Həmçinin qərara alınıb ki, Davos Forumunun Bakıda regional ofisi açılsın. Bu da ölkəmiz üçün böyük nəticədir”.