Seçicilər də, namizədlər də məsuliyyətli olsunlar: Yeni parlament islahatlara təkan verməlidir

“Bütün ölkələrdə seçki prosesinin müxtəlif mərhələlərində neqativlər və pozuntular aşkar oluna bilər”. Bu sözləri Sherg.az-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib. Baş redaktor bildirib ki, Azərbaycanda 9 fevral seçkilərinin indiyə qədər bir neçə mərhələsi artıq geridə qalıb:

“Bu mərhələlərdə baş verənləri ölkənin daxilindəki müəyyən təşkilatlar, media nümayəndələri, seçki müşahidəçiləri izləyiblər. Hələlik namizədlərin irəli sürülməsi, imza toplanması, qeydə alınması, təşviqat kampaniyasında ciddi qanun pozuntusu olmayıb. Düzdür, müəyyən pozuntular və neqativlər, xüsusilə müxtəlif namizədlər arasında bir-birinə münasibətlərdə seçki qanunvericiliyinin və etik normasının pozulması olsa da, ümumilikdə seçkinin gedişinə və nəticələrinə prinsipial şəkildə təsir göstərən pozuntular müşahidə edilməyib. 

Yəni, namizədlərdən hansısa birinin xeyrinə dövlət resurslarının səfərbərliyə alınması, hakimiyyət orqanlarının iştirakı ilə prosesin aparılması, namizədlərin imkanlarının rəsmi orqanlar tərəfindən məhdudlaşdırılması, onlara qeyri-bərabər şərait yaradılması kimi hallar hələlik yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, seçkinin sonuncu mərhələsini də qanunvericilik normaları çərçivəsində yekunlaşdırmaq mümkün olacaq”.



Aydın Quliyev: “Prosesin həqiqətən gözlənilən istiqamətdə getməsi üçün həm seçicilərdən, həm də namizədliyi verilmiş şəxslərdən çox şey asılıdır”


A.Quliyev qeyd edib ki, Azərbaycan ictimaiyyətinin və beynəlxalq təşkilatların bu ilki parlament seçkilərindən gözləntiləri böyükdür:

“Xüsusilə parlamentin tərkibinin yenilənməsinə ölkə ictimaiyyəti və beynəlxalq dairələr əhəmiyyət verirlər. Cəmiyyətimiz də parlamentin tərkibində böyük dəyişikliklərin olacağını gözləyir. Bu prosesin həqiqətən gözlənilən istiqamətdə getməsi üçün həm seçicilərdən, həm də namizədliyi verilmiş şəxslərdən çox şey asılıdır. Hər kəs dövlətimizin imicini düşünməlidir. Çünki parlamentin tərkibinin yenilənməsi beynəlxalq miqyasda da izlənilən bir məsələdir. Hər kəs yeni parlamentin islahatlar prosesinin nə dərəcədə tərkib hissəsi olacağını gözləyirlər. Bu nöqteyi-nəzərdən seçicilər və namizədlər seçki prosesinin məsuliyyətlə yekunlaşmasında maraqlı olmalıdırlar”.