Demokratik və normal seçki mühiti hökm sürür - AKTUAL

“Seçki prosesini ümumən çox müsbət dəyərləndirirəm. Çünki istər namizədliyimizin qeydə alınması ərəfəsində, istərsə də təbliğat-təşviqat kampaniyasının gedişində nə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Dairə Seçki Komissiyasının (DSK) rəhbərliyi tərəfindən, nədə ki icra hakimiyyəti strukturları tərəfindən seçki prosesinə hər hansı bir formada kobud müdaxilələrə, süni maneələrə və təzyiqlərə rast gəlməmişəm”.

Bu fikirləri Sherg.az-a açıqlamasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd olan Əlisahib Hüseynov deyib.

O bildirib ki, parlament seçkilərində demokratik və normal seçki mühiti hökm sürür:

“9 fevral seçkilərini Azərbaycanın yeni hədəflərə doğru hərəkətlənməsinin start nöqtəsi hesab edirik. Prezident İlham Əliyevin başlatdığı islahatlar kursu Azərbaycanın istər siyasi mühitini, istərsə də sosial-iqtisadi mənzərəsini kökündən dəyişməyə başlayıb. Ölkəmizin siması yenilənir, təfəkkür tərzimiz yenilənir, vətəndaş-dövlət münasibətləri yenilənir, idarəetmə metodları yenilənir, şəffaflıq artır. Ancaq bu sadaladıqlarımızla kifayətlənmək olmaz. Qeyd etdiyim islahatlar tamamilə yeni bir yolun başlanğıcıdır. Başlanmış islahatların getdikcə daha da dərinləşdirilməsinə ehtiyac var. Və qanunverici orqan kimi parlament də bu islahatlar prosesinin mərkəzində yer almalıdır.



Əlisahib Hüseynov: “9 fevral seçkilərini Azərbaycanın yeni hədəflərə doğru hərəkətlənməsinin start nöqtəsi hesab edirik”


Yenilənmiş parlament Prezidentin başlatdığı islahatların 1 nömrəli dəstəkçisinə çevrilməlidir. Parlamentin islahatlar prosesində real iştirakını təmin etmək çox vacibdir. 9 fevral seçkiləri də məhz bu amala xidmət edir. Biz də Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) olaraq bu seçki prosesinin real iştirakçısıyıq. Belə ki, həm mənim namizədliyim, həm də digər üzvlərimizin namizədlikləri DSK-lar tərəfindən qeydə alınıb. Artıq təbliğat-təşviqat kampaniyasının son və həlledici mərhələsinə qədəm qoymuşuq”.

Ə.Hüseynov qeyd edib ki, namizədlərin hamısı üçün bərabər seçki şəraiti və şərtləri təmin edilib:

“Sağlam rəqabət üçün hər cürə imkanlar var. Hazırda təbliğat-təşviqat kampaniyasının qızğın mərhələsindəyik. Məcburi köçkün seçicilərimizlə real ünsiyyət qurub təbliğatımızı aparırıq, təşviqat vasitələrimizi yayırıq. Bir sözlə, biz prosesin gedişatından razıyıq.

Ümid edirəm ki, təbliğat-təşviqat kampaniyası sonuna qədər də bu tempdə və maneəsiz davam edəcək. Fevralın 9-da hamımız tam şəffaf və demokratik seçkilərin şahidi olacağıq”.