“Qara piar” əks effekt verir: Namizədlər sağlam rəqabət aparmalıdırlar - AKTUAL

Namizədlər parlament seçkiləri üçün təbliğat-təşviqat kampaniyalarını davam etdirirlər. Əfsuslar olsun ki, seçki prosesində dünyada baş verən bəzi neqativ tendensiayalar bizim ölkədən də yan keçmir. Belə ki, namizədlər bir sıra hallarda öz rəqiblərinə qarşı “qara piar”dan istifadə edir, hətta onların işgüzar nüfuzuna zərbə vurmaqdan çəkinmirlər. 

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, bunu müsbət addım  kimi qiymətləndirmək olmaz. O, Serq.az-a deyib ki, “qara piar” bir çox hallarda arzuolunan  nəticəni vermək əvəzinə, əks effekt göstərir: 

“Bir çox ölkələr hələ seçki sistemi haqqında tam  məlumatlı deyillər. Əksər namizədlər “qara piar” terminini eşitsə də, onun nə olduğunu  tam bilmir. Bu, təkcə bizdə yox, dünyada belədir. Düzdür “qara piar” da reklamın bir növüdür. Ancaq bu üsuldan istifadə edən namizəd  özü də bütün imkanlarının  tükəndiyini, gücsüzləşdiyini, belə demək mümkünsə, başqa çıxış yolunun qalmadığını başa düşür. Əgər məcbur qalmasa heç kim “qara piar”dan istifadə etməz”.

 

Sosioloq: “Bu üsuldan istifadə edən namizəd  özü də bütün imkanlarının  tükəndiyini, gücsüzləşdiyini, başqa çıxış yolunun qalmadığını başa düşür”


Sosioloq deyir ki, bu texnologiyadan istifadə etmək adətən  mənfi nəticəyə səbəb olur: 

“Çünki ictimaiyyət namizədin rəqibləri haqqında yox, onun özü barədə pis fikirdə olur. “Qara piar”dan  istifad ə etmək heç kimə baş ucalığı gətirmir. Müşahidələr göstərir ki, seçicilər piarın bu növündən istifadə edənlərə qarşı heç də isti münasibət bəsləmirlər. Əslində bu, təsadüfi deyil. Çünki “qara piar” bizim mentalitetə yaddır. Mən namizədlərə məsləhət görərdim ki, bu üsuldan istifadə etmək əvəzinə, sağlam təbliğat kampaniyalarını aparsınlar”.