Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində yenidən namizədliklərini irəli sürən deputatlar seçicilərin kütləvi etirazları ilə qarşılaşıb. Kütlə tərəfindən heç də xoş qarşılanmayan, sərt reaksiyalarla üzləşən deputatlar buna rəğmən mandat almaqda israrlıdılar.
Seçiciləri ilə görüşə gedən bir neçə deputat rayonda aqressiya ilə qarşılanıb. Görüşdə iştirak edən seçicilər tərəfindən fitə basılan kim, hücuma məruz qalan kim... kimisi də seçiciləri ilə söz davasına çıxıb. Onlardan rayonu tərk etmələri tələb edilib. Seçicilərlə görüş zamanı gərgin anlar yaşayan deputatlar bunu cəmiyyətə rəqiblərinin provakasiyası kimi təqdim edib, öz reputasiyalarını artırmaq istəyiblər.
Professor, politoloq Cümşüd Nuriyev isə "Şərq"ə açıqlamasında sözügedən millət vəkillərinin bu cür situasiya ilə qarşılaşmalarının gözlənilən olduğunu deyib:
"Millət vəkilləri ölkə başçısının məlum çıxışındakı sitatdan anlamalıydılar ki, cənab Prezidentin də qeyd etdiyi kimi, millət vəkillərinin əksəriyyəti 5 il ərzində seçicilərinin üzünü görməyib, təmsil etdikləri bölgəyə seçkidən-seçkiyə gedirlər. İnsanlar arasında keçirilən sorğular göstərir ki, onların çoxu öz deputatlarını tanımırlar. Rayondan qovulan, seçicilərin qəzəbinə tuş gələn deputatlar da məhz onlardır. Əgər seçici səs verdiyi deputatın adını belə bilmirsə, bunun günahını deputat özündə axtarmalıdır. Niyə Qənirə Paşayeva, Vahid Əhmədov və ya seçicilərinin sözünü deyən, onu aidiyyəti yerə çatdıran deputatlar haqqında bu cür fikirlər eşitmirik. Vaxtı ilə xalqa arxa çevirən, dövlət resurslarından öz maraqları üçün istifadə edən şəxslər elə bilir ki, onları deputat seçmək xalqın borcudur. Prezident Milli Məclisin yenilənməsini və gəncləşməsini gündəmə gətirmişdi".
Professor hesab edir ki, özünə hörmət qoyan insan, Azərbaycan dövlətinin marağını güdən millət vəkilləri bu addımı atmamalı idi: "Onların mandat hərisliyi rayonlarda çox ciddi qarşıdurmalara səbəb olur. Ziddiyətlər o səviyyəyə çatıb ki, üzdəniraq deputatlara qarşı olan nifrət iqtidara qarşı çevrilib. Onlar dərk eləmir ki, bu dava-dalaşlar xaricdə oturan qüvvələr üçün bir "yem"dir. Bu gün öz maraqları üçün istifadə etdikləri çəkişmələr iki gün sonra əleyhimizə istifadə olunacaq. Sabah seçkilər başa çatır, rayonlardan qovulan deputatlar mandat alsalar belə rəğbət qazana bilməyəcəklər. Nə qədər gec deyil, istefa versinlər. Özlərinə hörmət qoymurlar, heç olmasa, dövlətə, millətə hörmət qoysunlar. Vallah, adam onların yerinə xəcalət çəkir. 10-15 seçki dairəsində bu cür xoşagəlməz vəziyyət var.
"Vəkil" ərəb sözüdür, xalqın elçisi deməkdir. Bunlar hansı xalqın elçisidir, bilmirəm. Bir deputatı ki, təmsil etdiyi bölgənin əhalisi daş- qalaq edib, qovsun. Hansı üzlə təkrar namizədliyini verir? Adama haqlı olaraq sual verirlər ki, 3-5 dəfə deputat oldun nə iş gördün ki, bu dəfə də sənə səs verək? Maraqlısı odur ki, utanmadan özlərini haqlı çıxarır, prezidentin gördüyü işləri öz adlarına deyirlər. Adil Əliyevin seçiciləri bütün gün ona alqış edirlər, çünki hər bir seçicisinin çətin günündə onun yanında olub. Fərəc Quliyev, Fəzail Ağamalı, Çingiz Qənizadə, Tahir Kərimli, siz bu xalq üçün nə etmisiniz? Hər birinə hörmətim var, müxalifətdə olduqları vaxt Azərbaycan üçün böyük işlər görüblər, amma həvəsdi, bəsdi. Ən pisi bilirsiniz nədir? Seçicilər iqtidarın namizədlərinə yox, məhz müxalifətdən seçilən deputatlara qarşı daha aqressivdirlər. Dəfələrlə ölkə başçısı müxalifətin xalq arasında hörməti olmadığını deyirdi və biz bu seçki ərəfəsində bunun canlı şahidi olduq. Əgər abır-həyaları olsaydı, seçkidən geri çəkilərdilər"- deyə C.Nuriyev əlavə edib.
Şəymən