"Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Bu görüş həm əhəmiyyətinə, həm də zamanına və məkanına görə xüsusi məna kəsb edir.
Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində "COVID-19" pandemiyasına həsr olunmuş Zirvə görüşünü təşkil etdi. Bu görüş türk dövlətlərinin və xalqlarının çətin gündə bir-birinə dayaq durmalarını, həmrəyliyini, gücünü göstərdi. Prezident İlham Əliyevin də dediyi kimi, bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır".
Bu barədə "Sherg.az"a millət vəkili Tamam Cəfərova bildirib. O qeyd edib ki, epidemiyanın geniş yayıldığı dünyada iqtisadi münasibətlərin dayandığı, əməkdaşlıq edən tərəflərin bir-birindən imtina etdiyi bir dövrə təsadüf edən və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu konfrans böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir:
"Hazırda sərhədlərin bağlanması fonunda iqtisadi əlaqələrin qorunub saxlanması, xüsusilə də tranzit xətləri vasitəsilə yükdaşımaların həyata keçirilməsi, bütün bunların təhlükəsiz qaydada reallaşması qida və digər məhsulların təminatında əhəmiyyətli rol oynayır. Dünya tarixində heç bir iqtisadi və siyasi böhran, hətta dünya müharibələri koronavirus pandemiyası qədər ziyan vurmayıb və dünyadakı bütün əlaqələr, təminat zəncirinin qırılması fonunda Azərbaycan rəhbərinin təşəbbüsü təkcə şəxsi və ya fərdi səciyyə daşımır, bütün Yer planetinin qarşılaşdığı problemə qarşı mübarizə cəhdidir, nəcib addımdır".
Koronavirus pandemiyası şəraitində beynəlxalq münasibətlərdə baş verən dəyişikliklərdən danışan T.Cəfərova bildirib ki, hazırda beynəlxalq münasibətlər özünün yeni, amma mücərrəd və gərgin mərhələsini yaşamaqdadır:
"Dövlətlərarası əlaqələr pozulub, iqtisadi münasibətlər defolt olub, ümumilikdə isə İkinci Dünya müharibəsindən sonra formalaşan dünya nizamı pozulub. Ən vacib detal isə beynəlxalq məsuliyyət məhfumunun aktuallaşması və bir daha heç bir münasibətin, yanaşmanın əvvəlki kimi olmamasına işarə etməkdədir. Çünki dünyada bütün dövlətlərin öhdəlik kimi götürdüyü, beynəlxalq hüququn, ümümdünya nizamını idarə etmək üçün nəzərdə tutulan qanunvericilik sənədlərinin heç bir hüquqi və məcburi qüvvəsinin olmadığı fors-major yanaşmanın şahidiyik.
“Çindən qaynaqlanan virus pandemiyası hazırkı dövrə qədər həm yoluxdurucu mənbə ölkəsini, həm də digər ölkələri, deduktiv mənada isə beynəlxalq və regional təşkilatları sınaq qarşısında qoydu. Amma bu bir faktdır ki, iqtisadi əsaslarda birləşən bir çox mərkəzlər (məsələn, Avropa Birliyi) ümumi idarəetmədən imtina etdilər. Avropanın cənub sahilləri faktiki olaraq düşmənlə- virusla mübarizədə tək qaldı. Bu çətin gündə İtaliya yanında Avropa dövlətlərinin deyil, tamamilə başqa ölkələrin yardımından bəhrələndi. Hətta proseslər o dərəcədə inkişaf etdi ki, BMT-nin törəmə qurumu hesab edilən ÜST-dən başqa heç bir beynəlxalq qurum real olaraq təsir mexanizmlərini işə sala bilmədi və salmaq istəmədi. Koronavirus pandemiyasının geniş yayıldığı bir dövrdə bütün dünyadakı siyasi əməkdaşlıq mərkəzləri də “gözləmə” rejimindədirlər. Amma bütün bu reallıqlar içərisində yalnız Azərbaycan Prezidenti Türk Şurası dövlətlərinin fövqəladə Zirvə görüşünü təşkil etməyi özünə borc bildi. Bu da onu göstərir ki, ölkə rəhbəri təkcə öz vətəndaşının qeydinə qalmır, dünyada hərənin özünə başı qarışdığı vaxtda taleyüklü problemləri çiyninə götürür, birliyə, həmrəyliyə səsləyir”,- deyə deputat vurğulayıb".
Onun sözlərinə görə, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatlar koronavirus qarşısında çıxılmaz vəziyyətdə qaldılar, başlarını itirdilər. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır:
“Prezident İlham Əliyev konfransın yekununda bildirdi ki, bizim həmrəyliyimiz və birliyimiz nümunəvi xarakter daşıyır. Bu, onu göstərir ki, biz yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birimizin yanındayıq. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm daşıyır. Biz digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırıq. Hesab edirəm ki, Zirvə görüşünün Yekun Bəyannaməsi bu əməkdaşlığa əhəmiyyətli töhfədir. İnanırırq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşü türk dövlətlərinin və xalqlarının əməkdaşlığına öz müsbət töhfəsini verəcəkdir”.