Qondarma “prezident”in qondarma “seçkiləri” : «Xunta rejimini heç kim tanımır”


“Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında bütün beynəlxalq normaları pozur, istədiyi qanunsuzluğu edir. Ermənilər və havadarları burada narkotik bitkilər becərməkdən tutmuş, Ermənistan ordusu generalının hərbçi konservləri gizlətməsinədək bütün cinayətləri törədirlər”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, hətta terrorçu PKK-nın xarici ölkələrdəki silahlılarının Qarabağa sızmasına da şərait yaradılır:

“Son bir neçə ayda dünyanı bürümüş koronavirus epidemiyası işğal altında olan Azərbaycan torpaqlarında yaşayan ermənilər arasında da yayılıb. Açıqlanan məlumatlara əsasən, Dağlıq Qarabağda 21 erməni virusa yoluxub. Onların çoxunun Ermənistanda yoluxduqları bildirilir.
Ən təəccüblüsü odur ki, Ermənistanda yoluxanların sayı 1 000-ə yaxınlaşanda Qarabağda erməni icmasının nümayəndələri arasında pandemiyanın baş verdiyi barədə xəbər yayıldı. Onlardan birinin separatçı rejimin keçirdiyi qondarma “seçkidə” iştirak etdiyi belə açıqlandı. Ən pisi isə bütün bunların qanunsuz “siyasi kampaniyadan” sonra elan olunması idi.

İki ilə yaxındır, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda separatçı rejimin “başçısı”nı dəyişməyə çalışır. Yerevanda hadisələr baş verəndə Xankəndində Serj Sarqsyandan qalma separatçıların başçısını dəyişməyə cəhd edildi. Ancaq Moskva gözünü Paşinyan və onun təmsil etdiyi siyasi qüvvəyə necə ağartdısa, hamı geri çəkildi.
Bundan sonra “erməni – rus münasibətləri əbədidir”, “ermənilərlə ruslar qardaşdır” və başqa bu sayaq ifadələrlə ənənəvi erməni ikiüzlüyü başladı. Qərbə meyillənib, Rusiyaya arxa çevirməyə səy göstərən Paşinyan az qala hər gün bu ifadələri söyləyir. Ancaq Moskva onun bu “göz yaşlarına inanır”mı? Əslində, Kreml üçün Ermənistanda buyurduqlarına əməl edəcək adam lazımdır. Onun soyadı Paşinyan, yaxud Kirokosyan da ola bilər.
Bu, Qarabağdakı separatçı rejimə də aiddir. ABŞ-da Rusiya əleyhinə çıxışlar etmiş və qondarma “seçki”lərin “ikinci turunda” da “uduzmuş” Masis Mailyanın Moskva tərəfindən cəzalandırılmasını buna misal göstərmək olar.
Ona Rusiya ərazisinə 5 il müddətinə səfər etmək qadağan edilib. Bunun səbəbi açıqlanmayıb. Ehtimal etmək olar ki, Mailyan amerikapərəstdir və buna görə Moskvanın ondan xoşu gəlmir. Yaxud Rusiya Azərbaycanı özünə cəlb etmək və inandırmaq üçün belə bir piyadanı qurban verir.
Separatçı rejimin başçısı Bako Saakyan aprelin 14-də ənənəvi “erməni-rus dostluğu əbədidir” deməklə “seçkidə” Moskvanı razı salacaq adamın “qalib olacağı” mesajını verib. Nəticədə elə oldu. Hazırda Ermənistanda həbsdə olan, Xocalı soyqırımının törədilməsinə başçılıq etmiş Robert Koçaryandan başlayan bu zəncir qırılmadı və Saakyanın “baş naziri” Araik Arutyuyan “seçildi” ”.

Politoloq qeyd edib ki, Dünyanın bir çox dövlətləri, o cümlədən ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə, Pakistan, İran, Rusiya, Ukrayna, Gürcüstan, ATƏT PA, ATƏT-in Minsk qrupu Avropa İttifaqına daxil ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər:

“Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə də bu məsələyə toxunub. O qeyd edib ki, Azərbaycanın məqsədyönlü fəaliyyəti, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi. “Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir. Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın, demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir”.