AŞ PA - Yüzlərlə qaçqın və məcburi köçkünü görməzdən gələn qurum - QƏRƏZ !

“Bu təşkilat necə insan haqqlarından danışa bilər?! Onların buna mənəvi haqları çatmır"




Dövlət başçısı İlham Əliyevin 2020-ci ilin ilk 3 ayının yekunlarına dair video -müşavirə zamanı bir neçə mühüm məsələyə diqqət çəkib. Həmin mövzular sırasında beynəlxalq ictimaiyyətin qondarma "seçkilər"ə  münasibəti də xüsusi vurğulanıb. Ölkə başçısı qeyd edib:  

“Avropa Şurasında cəmləşən anti- Azərbaycan, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxır. AŞ PA qondarma "Dağlıq Qarabağ respublikası"nda keçirilən "seçkilər"ə münasibət bildirmədi. Bu təşkilat uzun illərdir Azərbaycanı qaralamaq, şər, böhtan atmaq, ölkəmizi nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir. Azərbaycana qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Onların qəbul etdikləri qətnamələr, qərarlar kağız parçasından artıq deyil".

Vəziyyəti “Sherg.az”a şərh edən Azərbaycanın AŞ PA –dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bu təşkilatın ölkəmizə qarşı qərəzli mövqe sərgilədiyini deyib: 

"Əlbəttə, dünya dövlətlərinin hamısı, həmçinin əksər beynəlxalq qurum bu "seçkiləri" qəbul etmədi. Lakin AŞ PA- dakı bəzi ermənipərəst qüvvələr məsələyə başqa cür yanaşdılar. Çünki onlar Azərbaycana obyektiv münasibət bəsləmirlər. Bununla bağlı biz aprelin 1- də və 10- da etiraz məktubları göndərdik. İnanıram ki, məktubların müsbət nəticəsi olacaq. Cənab Prezidentin də dediyi kimi, bundan sonra onlar bizim üçün məruzəçi ola bilməzlər. Yüzlərlə qaçqın və məcburi köçkünü görməzdən gələn qurum necə insan haqqlarından danışa bilər?! Onların buna mənəvi haqları çatmır".