“Liderlər arasındakı videoformat çərçivəsindəki görüş ondan xəbər verir ki, ən çətin dövrdə belə əməkdaşlıq saxlanılır və inkişaf edilir”
Aprelin 15-də Gürcüstan tərəfinin təşəbbüsü ilə Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında danışıblar. Prezident İlham Əliyev hər zaman olduğu kimi koronavirus pandemiyası şəraitində də ölkələrimiz və xalqlarımızın bir-birinin yanında olaraq həmrəylik nümayiş etdirməsinin önəmini bildirib. Dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində həyata keçirilən təbdirlər və bu istiqamətdə görüləcək işlər ətrafında fikir mübadiləsi aparıblar.
Söhbət zamanı Azərbaycanla Gürcüstanın beynəlxalq tranzit dəhlizinin önəmli iştirakçıları olduğu bildirilərək, ticarət əlaqələrinin, tranzit-nəqliyyat sahəsində işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Liderlər iqtisadiyyat, ticarət, nəqliyyat sahələrində gələcək əməkdaşlığın perspektivlərini də müzakirə ediblər.
Mühüm görüşlə bağlı “Sherg.az”a danışan politoloq İlqar Vəlizadə bildirib ki, Gürcüstan Azərbaycanla münasibətləri inkişaf etdirməkdə hər zaman maraqlıdır.
Ekspertin sözlərinə görə, bu, uzunmüddətli strateji maraqdır:
“Nəzərə alaq ki, Gürcüstanın prezidenti Azərbaycanlı həmkarı ilə görüşmək təşəbbüsünü irəli sürüb. Bu, bir daha göstərir ki, məhz rəsmi Tbilisi Bakı ilə əlaqələri daha da sıxlaşdırmaq niyyətindədir. Xatırladaq ki, bu görüş bir neçə gün öncə baş tutmuş Türl Şurasının Zirvə sammitindən sonra baş tutub. Türkdilli dövlətlərin əməkdaşlığı regionda yeni reallıq yaradır və digər ölkələrə də təsir göstərir, xüsusən də Gürcüstana. Qonşu dövlət Azərbaycanla Türkiyə arasında yerləşir. Yəni əksər layihələrimiz, enerji və nəqliyyat xəttlərimiz Gürcüstan ərazisi üzərindən reallaşır. O baxımdan türkdilli ölkələrlə yanaşı, qonşu Gürcüstanla da əməkdaşlıq ən yüksək səviyyədə olmalıdır”.
Analitikə görə, Azərbaycan-Gürcüstan əməkdaşlığında digər ölkələr də maraqlıdır:
“Gürcüstanın Rusiya ilə münasibətləri gərgindir, demək olar ki, əlaqələr kəsilib. Cənubda Ermənistanla həmsərhəddir. Düşmən ölkənin də özünə xeyri yoxdur. Ona görə İrəvanla əlaqələr də əhəmiyyət kəsb etmir. Tbilisi üçün mühüm və faydalı tərəfdaş Azərbaycan və Türkiyədir. Liderlər arasındakı videoformat çərçivəsindəki görüş də ondan xəbər verir ki, ən çətin dövrdə belə əməkdaşlıq saxlanılır və inkişaf edilir”.