“İki ölkənin birgə hərbi istehsala başlaması müttəfiqliyin yeni mərhələsinə keçid sayıla bilər”
Rusiya prezidenti Vladimir Putinin SSRİ-nin bərpasının vacibliyi haqqında dediyi fikirlər ciddi qəbul olunmalıdır”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Kreml sahibi “SSRİ-nin bərpası kimi fikirlərdən qorxmaq lazım deyil, birlik hamının xeyrinədir və bu qaçılmazdır” kimi fikirləri ötən ilin oktyabrında “Rossiya” kanalına müsahibəsində demişdi:
“Həmin kanal 6 ay öncə verilən açıqlamanı indi yayıb. Demək, Putin belə istəyib. Görünür, Rusiya prezidenti postkoronavirus dövrünə bu şəkildə hazırlaşır.
Əlbəttə, “Putin belə istəyir” deyə hansısa “ikinci SSRİ-nin” bərpa olunması real deyil. Ancaq ideya ortaya atılıb və Putin bu ideyanın reallaşması üçün əlindən gələni edəcək. Ona görə də hazırlıqlarımızı görməliyik. Azərbaycan bir daha Rusiya və ya SSRİ adlı imperiyanın tərkib hissəsi olmamalıdır. 200 il zorən imperiyanın tərkibində olduq, həm torpaqlarımızı, həm də aparıcı simalarımızın bir hissəsini itirdik. Bu bizə bəs edib.
Əlbəttə, iki il əvvəl “Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır” deyənlər bu dəfə də Kremlin yeni ideyasına dəstək verə bilərlər. Ancaq bu ideyanın Azərbaycan üçün zərərli olduğu hər yerdə və hər zaman vurğulanmalıdır. Beynəlxalq tədbirlərin birində rusiyalı jurnalistlərdən biri “Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü olmaq istəyirmi?” sualını dövlət başçısı İlham Əiyevə ünvanlandıqda Azərbaycan prezidentinin cavabı qısa oldu: “Azərbaycanın belə bir planı yoxdur”.
Bundan sonra hakimiyyət içərisində Rusiya ilə daha sıx inteqrasiya təşəbbüslərini irəli sürənlər ehtiyatlı mövqeyə keçdilər. Ancaq həmin qüvvələrin post-koronavirus dövründə yenidən fəallaşacağı istisna deyil.
Putinin yeni imperiya təşəbbüsləri qarşılığında rəsmi Bakı Türkiyə ilə ittifaqı gücləndirmək barədə düşünməlidir. Bu ilin fevralın 25-də Bakıda Türkiyə-AzərbaycanYüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclası keçirildi. İclasın yekununda Bakıda səfərdə olan Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin iştirakıyla 14 əməkdaşlıq sənədi imzalandı. Bundan sonra prezidentlər mətbuat qarşısında bəyanatla çıxış etdilər.
Mətbuat konfransında iki dövlət arasında bir çox istiqamətdə atılacaq addımlardan danışıldı. Məsələn deyildi ki, iki ölkə arasındakı ticarət mübadiləsinin həcmini indiki 4 milyard 500 milyon səviyyəsindən 2023-cü ilə qədər 15 milyard dollara çatdırmaq lazımdır. Və ya Türkiyədən Naxçıvana həm dəmiryol, həm də 160 kilometrlik qaz xətti çəkiləcəyi bildirildi. Ancaq son toplantının ən vacib qərarı iki ölkənin hərbi sənaye komplekslərin əməkdaşlığı genişlənidirlməsinə dair idi.
İlham Əliyev Türkiyədən yeni hərbi texnika alacağını bildirdi. İlham Əliyevin bu açıqlamasına Rəcəb Təyyub Ərdoğan bu sözlərlə dəstək verdi: “Ordularımızın güclü olması önəmlidir. Bu baxımdan müdafiə sənayelərimizin gücləndirilməsi önəmlidir”.
Beləliklə, hərbi əməkdaşlğın yeni mərhələsinə keçiləcəyinə - iki ölkənin yaxın gələcəkdə birgə hərbi texnika istehsal edəcəyinə işarə edildi. Türkiyədən gələn xəbərlərə görə artıq bu istiqamətdə real addımlar atılır”.
Politoloqun qənaətincə, Vladimir Putin “SSRİ-nin bənzərini yaratmalıyıq” deyirsə və bu ideya kökündən Azərbaycanın milli və təhlükəsizlik maraqlarına ziddirsə, bizim üçün alternativ yol Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirməkdir:
“Əslində Putinin mənfi qarşılanan təşəbbüsü Azərbaycan-Türkiyə ittifaqını gücləndirmək üçün bizə yeni imkanlar açır. Önəmli olan bu imkanlardan istifadə etməkdir. İki ölkənin birgə hərbi istehsala başlaması müttəfiqliyin yeni mərhələsinə keçid sayıla bilər”.