Videokonfrans: “Əməkdaşlığın müxtəlif sahələri  müzakirə edilib”


“Prezident İlham Əliyevin keçirdiyi bu səmərəli videokonfranslar postpandemiya dövründə dövlətlərarası münasibətlərə öz töhfəsini mütləq verəcək”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, iqtisadçı Müşfiq Cəfərov bildirib.
Deputat vurğulayıb ki, mayın 18-də Moldova Prezidentinin təşəbbüsü ilə prezidentlər arasında videokonfrans formatında görüş keçirilib: 

“Görüşdə Prezident İqor Dodon Azərbaycan xalqını keçmiş Qələbə günü münasibəti ilə təbrik edib. 

Pandemiyaya qarşı mübarizədə Moldova dövlətinə köməklik göstərmək üçün qəbul edilən qərara görə təşəkkürünü bildirib. Bildiyimiz kimi ötən həftə xüsusi təyyarə ilə Azərbaycan Respublikasının adından Moldova xalqına yardım göndərilib. 

Moldova rəhbəri bunu da xüsusi vurğulayıb və öz xalqı adından təşəkkür edib. Dövlət başçıları pandemiyaya qarşı görülən tədbirlər barədə müzakirələr aparıb. Pandemiyanın yaratdığı sosial-iqtisadi fəsadların aradan qaldırılması istiqamətində gələcəkdə görüləcək işlərdən danışıblar”.

Parlament üzvü bildirib ki, videokonfrans zamanı dövlət başçıları pandemiyadan sonrakı dövrdə hər iki ölkə arasındakı əməkdaşlığın müxtəlif sahələri bağlı müzakirələr aparıblar: 

“Ölkə rəhbərləri ticarət, iqtisadiyyat, nəqliyyat, energetika və digər əlaqələrin genişləndirilməsi, eləcə də investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılması barədə danışıqlar aparıblar. 

Prezidentlər həmçinin, biznes sahəsində də əlaqələrin inkişaf etdirilməsini və gələcəkdə biznes forumun keçirilməsi perspektivlərini də müzakirə ediblər. Bir iqtisadçı kimi deyə bilərəm ki, gələcəkdə bu tip forumun keçirilməsi Azərbaycan biznes siyasətinə mühüm təsir edəcək”.