AŞPA-da uşaq zorakılığı ilə mübarizəyə dair müzakirələr keçirilib

Könül Nurullayeva: “Uşaqlara qarşı cinsi zorakılıq ən təhlükəli cinayət növüdür”


Bugün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komitəsinin videokonfrans formatında iclası keçirilib. 

“Sherg.az” xəbər verir ki, toplantıda “Uşaqlara qarşı cinsi zorakılıqla mübarizə: Avropada fəaliyyət və əməkdaşlığın gücləndirilməsi” mövzusunda Uşaqlar üzrə alt komitənin üzvü Baronessa Dorin Masseyin məruzəsi dinlənilib. 

Müzakirələrdə ölkəmizi Milli Məclisin deputatları - Pərvin Kərimzadə, Sevinc Fətəliyeva, Könül Nurullayeva və Nigar Arpadarai təmsil edib. 

Parlamentin Ailə, qadın və uşaq məsələləri üzrə Komitəsinin üzvü, AŞPA-nın Sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komitəsinin, həmçinin Uşaqlar üzrə alt komitənin üzvü Könül Nurullayeva çıxışında bu gün uşaqlara qarşı cinsi zorakılığın ən təhlükəli cinayət növlərindən biri olduğunu vurğulayıb. 

Deputat Azərbaycanın bu problemlə mübarizədə uğurlu təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. 

Millət vəkili bildirib ki, 2001-ci ildən etibarən Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycan üçün də uşaq hüquqlarının qorunması, müdafiəsi hər zaman prioritet olub və  qarşılıqlı əməkdaşlıq əhəmiyyətli töhfələr verməkdədir: 



““Azərbaycan 2019-cu ildə Avropa Şurasının təşəbbüsü ilə reallaşan (EndOCSEA@Europe) –“Uşaqlara qarşı onlayn cinsi istismara və seksual zorakılığa son qoyulması”na dair layihəyə dəstək verən 10 pilot ölkədən biridir. Eyni zamanda Azərbaycan “Lanzarote Konvensiyası” kimi tanınan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasını ratifikasiya edən 46-cı dövlətdir” deyən millət vəkili eyni zamanda qeyd edib ki, Lanzarote Konvensiyasının milli formatda həyata keçirilməsini gücləndirmək məqsədilə müəyyən edilmiş tövsiyələri Azərbaycan da qəbul edir. Çünki uşaq hüquqlarının qorunması bütövlükdə bəşəriyyəti düşündürən ən həssas məsələlərdən biridir”.

K.Nurullayeva diqqətə çatdırıb ki, bu gün dünyanı sürətlə dəyişdirən  texnoloji yeniliklər oflayn və onlayn təhlükəsizlik arasındakı fərqi ayırd etməkdə də müəyyən çətinliklər yaradıb: 

“Bu gün uşaqların əksəriyyəti onlayn həyat tərzinə üstünlük verirlər, virtual və real dünya arasında heç bir fərq qoymurlar. Bu mənada strategiyalarımız və qanunvericiliyimiz də mövcud reallığa uyğunlaşdırılmalıdır”. 

Parlament üzvü domen və IP sistemlərinin idarə olunması üzrə Təyin Olunmuş Adlar və Nömrələr üzrə İnternet Korporasiyası (ICANN) modelini nəzərdən keçirməyi təklif edib. O, diqqətə çatdırıb ki, bunun üçün bütün ölkələrdən birgə və həssas yanaşma tələb olunur. Millət vəkili həmçinin uşaqların düzgün müdafiəsi və cinayətkarların bütün yurisdiksiyalarda mühakimə olunmalarını təmin etmək üçün Avropa daxilində əməkdaşlığı gücləndirməyin vacibliyini də vurğulayıb. 
Videokonfransda həmçinin Avropada uşaq yoxsulluğunun aradan qaldırılmasında beynəlxalq öhdəliklər, eləcə də gələcəkdə ictimai sağlamlıq naminə COVİD-19 pandemiyasına qarşı  təsirli və hüquqa əsaslanan reaksiyaları əhatə edən mühazirələr də dinlənilib.