“Azərbaycan bu ağır günlərdə dost ölkə olduğunu sübut etdi”

“Dünya ictimaiyyəti Azərbaycanın necə bir humanist və yardımsevər ölkə olduğunu bir daha gördü”


“Azərbaycan 13 ölkəyə, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərib”. Bunu Prezident İlham Əliyev yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın bir sıra xarici ölkələrə yardım etməsi aparılan siyasətin tərkib hissəsidir: “Çünki xarici siyasətə gəldikdə, biz həmişə əməkdaşlığa üstünlük vermişik və bunun faydasını görmüşük. Harada imkanımız olub, əgər imkanımız olubsa, kömək etməyə çalışmışıq və etmişik. Bizim bir neçə önəmli transmilli layihəmiz məhz bu prinsip əsasında qurulub və uğur da məhz bu prinsip əsasında qazanılır”.

Prezident bildirib ki, ona görə xarici siyasətdə qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır, həmrəylik əməldə olmalıdır:

“Biz indi iki təşkilata sədrlik edirik və bu iki təşkilatın Zirvə görüşünü keçirmişik - Türk Şurası və Qoşulmama Hərəkatı və ən yüksək səviyyədə. Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olundu. Biz hər bir işə çox məsuliyyətlə yanaşırıq və bizim sədrliyimiz formal xarakter daşımamalıdır və daşımır. Ona görə çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. Bu, bizim, necə deyərlər, adət-ənənələrimizə də uyğundur. Ona görə bu gün bu yardımın göstərilməsi hesab edirəm ki, düzgün addımdır. Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danışmağa başlamışıq. Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri görsün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur. Beləliklə, 13 ölkəyə artıq yardım göstərilib, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərilibdir. Bu, bir daha bizim məsuliyyətimizi göstərir”.

Dövlət başçısının vurğuladığı məqamı “Sherg.az”a dəyərləndirən millət vəkili Tahir Kərimli deyib ki, Azərbaycan yeganə dövlətdir ki, pandemiya üçün mübarizə üçün kifayət qədər vəsait ayırıb. Deputat vurğulayıb ki, 3,5 milyard manat vəsait dəyərində iqtisadi yardım paketi pandemiyadan ziyan görən bütün sahələri əhatə edib: 

“Azərbaycan koronavirusla mübarizəyə az qala Ermənistanın dövlət büdcəsi qədər vəsait ayırıb. Dövlətimiz eyni zamanda 13 dövlətə və 3 beynəlxalq təşkilata yardım göstərir. Amma biz bu humanitar yardımların qarşlığında nəsə gözləmirik. Cənab Prezidentimizin vurğuladığı kimi bunu etmək bizim mənəvi borcumuzdur. Ona görə də reklam üçün etmirik. İki dəfə 5 milyon dollar Ümumdünya Səhiyyə Təşkilatına maddi yardım göstərmişik. Ötən gün Moldova Respublikasının prezidenti də cənab İlham Əliyevə öz təşəkkürünü bildirdi. Çünki Azərbaycan həmin dövlətə tibbi ləvazimatlar, qoruyucu vasitələr göndərmişdi. Dünyada elə ölkələr var ki, maddi imkanları, resursları həddindən artıq çox ola-ola nəinki başqa dövlətlərə yardım əli uzadırlar, heç öz vətəndaşlarına kifayət qədər köməklik etmirlər. Bir çox dövlətlərin isə bunu etməyə maddi imkanları çatmır. Deyirlər “dost dar gündə tanınar”. Azərbaycan dövləti bu ağır günlərdə həqiqi dost ölkə olduğunu hamıya sübut etdi. Dünya ictimaiyyəti Azərbaycanın necə bir humanist və yardımsevər ölkə olduğunu bir daha gördü. Əlbəttə, Azərbaycanın məhz indiki məqamda xarici ölkələrə, təşkilatlara yardım göstərməsi çox önəmlidir. Məzh buna görə dövlət başçısı cənab İlham Əliyev tərəfindən atılan addımlar əksər ölkə rəhbərləri tərəfdindən çox yüksək qiymətləndirilir”.