Azərbaycanın uğurlu inkişaf yolu: korrupsiya və talançılığın kökü kəsilməlidir !

“Prezidentin son təyin olunan icra başçılarına tövsiyə və tapşırıqları korrupsiyanın bütün strukturlarda aradan qaldırılmasına xidmət edir”



“Ağstafa və İmişli rayonlarının icra hakimiyyəti başçıları həbs olunub. Bu barədə ictimaiyyətə məlumat verilib. İndi istintaq gedir və hüquq mühafizə orqanları hər şeyi müəyyən edəcək. Artıq ictimaiyyət məlumatlandırılıb”. Bunu Prezident İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, Ağstafa və İmişli rayonlarında icra hakimiyyəti başçıları tərəfindən edilmiş bu pozuntular digər rayonlarda da mövcud olub və bir neçə icra hakimiyyəti başçısı artıq istintaqa cəlb edilib: “Bu, bir daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq. İndi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq”. Ölkə rəhbəri vurğulayıb ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır: “Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir”. 



Ölkə başçısının diqqət yönəltdiyi məsələ ilə bağlı “Sherg.az”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin katibi Asif Şəkərli deyib ki, yüksək vəzifə sahiblərinin, xüsusilə yerli məmurların korrupsiya əməlləri və qanunsuzluqları haqda həm müstəqil ekspertlər, həm də ölkə mətbuatı dəfələrlə həyəcan siqnalı çalıb. Partiya funksionerinin sözlərinə görə, ölkə rəhbərinin bu məsələləri xüsusi ilə diqqətdə saxlaması sevindirici haldır: 

“Prezidentin son təyin olunan icra başçılarına tövsiyə və tapşırıqları korrupsiyanın bütün strukturlarda aradan qaldırılmasına xidmət edir və çox vacibdir. Məhz Prezidentin həyata keçirdiyi siyasi islahatlar nəticəsində müxalifətin də cəmiyyətin idarəçiliyində rolu artırılıb. Bu baxımdan yeni təyin olunan istər icra başçısı, istərsə də digər vəzifəli şəxslər ictimai nəzarətə xüsusi önəm verərək demokratik idarəçilik yolunu seçməlidirlər. Azərbaycan üçün uğurlu inkişaf yolu budur”.