“Paşinyan üçün asan olmayacaq” - ŞƏRH

“Baş nazir vəzifəli şəxslərdən öz hakimiyyətinə real təhlükə hiss edir və onları vaxtında zərərsizləşdirmək istəyir”

“Lakin Moskva Ermənistan daxilində baş verənlərlə, o cümlədən ona yaxın olan şəxslərin vəzifədən çıxarılması ilə razı deyil”



“Ermənistanda daxili ictimai-siyasi vəziyyət həqiqətən də gərgindir. Nikol Paşinyan demokratiya adı altında hakimiyyətə gəlsə də, bütün siyasi rəqiblərinə qarşı amansızlıq nümayiş etdirir”. 
Bunu “Sherg.az”a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. 
Analitik bildirib ki, əsas məqsəd növbəti seçkilərədək Ermənistanda demək olar ki, müxalif siyasi partiyaları və dairələri sıradan çıxarmaqdır: 

“Hazırda Paşinyan hakimiyyətinə real təhlükə törədə bilən şəxslərdən biri də “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyandır. Bu həmin Sarukyandır ki, 2018-ci ilin aprel ayında baş verən hakimiyyət dəyişikliyi zamanı Paşinyana tam dəstəyini ifadə edib. Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyasının parlament fraksiyası da Paşinyanın “Mənim addımım” blokuna dəstək verərək, onun 2018-ci ilin mayında parlamentdə baş nazir seçilməsini asanlaşdırmışdı. Ancaq zaman göstərdi ki, bu müttəfiqlik zor gücüylə baş tutubmuş. Daha doğrusu, Paşinyan bu müttəfiqlikdə səmimi olmayıb və Sarukyandan öz məqsədləri üçün istifadə edib.

Faktiki olaraq Paşinyan hazırda 2018-ci ildə ona ciddi dəstək verən Ermənistanın ən varlı siyasi partiya sədrinə qarşı savaş elan edib. Bütün bunlar onu deməyə əsas verir ki, Nikol öz məqsədlərinə doğru irəliləməkdədir. O, əvvəlcə əsas siyasi rəqibləri Robert Koçaryan və Serj Sarkisyan cütlüyünə qarşı siyasi motivli təqiblərə başladı.

İndi isə onun qarşısındakı digər ən böyük sədlərdən olan “Çiçəklənən Ermənistan”ın liderinə qarşı məhkəmə davası açıb. Ancaq Sarukyan da Ermənistanda çox ciddi siyasi fiqurlardan hesab olunur. Onun ölkənin güc strukturlarında kifayət qədər yaxın adamı var. Yəni bu mübarizədə qələbə çalmaq Paşinyan üçün o qədər də asan olmayacaq”. 

Siyasi şərhçi hesab edir ki, Paşinyanın ölkədə ciddi şəkildə “təmizləmə” əməliyyatına başlayıb: 

“Baş nazir vəzifəli şəxslərdən öz hakimiyyətinə real təhlükə hiss edir və onları vaxtında zərərsizləşdirmək istəyir. Lakin Moskva Ermənistan daxilində baş verənlərlə, o cümlədən ona yaxın olan şəxslərin vəzifədən çıxarılması ilə "yumşaq" şəkildə desək, razı deyil. Lakin Rusiya hakimiyyətinin başı hazırda daxili problemlərə qarışıb. Rusiyada belə bir fikir var ki, Ermənistan istəsə belə Rusiyanın orbitindən çıxa bilməz. Amma fakt ondan ibarətdir ki, Ermənistan iqtisadi cəhətdən Rusiyanın orbitindən çıxa bilməsə də siyasi cəhətdən tamamilə başqa siyasət yürüdür və yavaş-yavaş Moskvadan uzaqlaşır. Ermənistanda inqilabın ikinci dalğasının şahidiyik. Ehtimal etmək olar ki, ikinci dalğa da Paşinyanın “qələbəsi” ilə başa çatacaq. Çünki hazırda ölkədə ona qarşı çıxa biləcək siyasi güc mərkəzi demək olar ki, qalmayıb”.