“Baş nazirin son addımları onun Ermənistanda bir diktator kimi qəbul edilməsinə gətirib çıxarmaqdadır”
“Ermənistanda iki il əvvəl hakimiyyətə gələn yeni qüvvələr əvvəlkilərdən heç nə ilə fərqlənmədi”.
Bu barədə “Sherg.az”a Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Deputat bildirib ki, əvvəlkilər də Ermənistanı xarici yardımların hesabına yaşadırdı, Paşinyan da eyni şeyə cəhd edir:
“Onu sələflərindən fərqləndirən yeganə cəhət Dağlıq Qarabağdakı erməni icmasının Ermənistanda hakimiyyətdə olan nümayəndələrinə qarşı mübarizəsidir. Başqa sözlə, “Qarabağ mafiyasına” qarşı mübarizə ilə Paşinyan siyasi reytinqini artırmağa və hakimiyyətinin ömrünü uzatmağa çalışır.
Məhz Paşinyan iqtidarının yarıtmaz siyasəti, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması səbəbindən təcrid vəziyyətinə düşmüş Ermənistan inkişafdan geri qalır.
Ölkədə əhalinin sayının ildən-ilə azalması elə həddə çatıb ki, daha nə vaxtsa artacağı şübhə altındadır. İşğalçı ölkənin ictimai-siyasi həyatında da vəziyyət gərgin olaraq qalmaqdadır.
Ermənistanın "Vətən” Partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan Paşinyanın hakimiyyət dövrü Ermənistan tarixində qeyri-müəyyənlik, təbii dağılma və bədbəxtlik dövrü kimi qalaca deyə bildirib.
Onun sözlərinə görə, mövcud hakimiyyətin uğursuzluqlarından daha vacib məsələ dağılmış iqtisadiyyatı bərpa etmək, məhv olan təhsil və sosial sistemləri yenidən yaratmaqdır.
Yəni Paşinyan tərəfindən məhv edilmiş istənilən sahəni yalnız iradə, idarəetmə qabiliyyəti və düzgün insanların mövcudluğu ilə bərpa etmək mümkündür”.
Millət vəkilinin sözlərinə görə, baş vermiş son hadisələr fonunda Q.Sarukyanın məhz Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması işğalçı ölkədə baş verənlərin siyasi təqib olduğunu bir daha sübut edir:
“Hazırda bu ölkədə hakimiyyət həqiqi işlə yox, avantüra ilə məşğuldur. İqtidar rəsmiləri yalnız populist çıxışlarla xalqın könlünü ələ almaq istəyir. Ermənistanda ictimai-siyasi vəziyyət sürətlə gərginləşir. Paşinyanın son addımları artıq onun Ermənistanda bir diktator kimi qəbul edilməsinə gətirib çıxarmaqdadır. Lakin təəssüflər olsun ki, Qərbin demokratiya institutları - nə ABŞ Dövlət Departamenti, nə Avropa Şurası Parlament Assambleyası, nə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, nə ABŞ-ın, nə də Qərb ölkələrinin Ermənistandakı səfirlikləri baş verənlərə heç bir münasibət bildirməyiblər. Buna görə də belə qənaətə gələ bilərik ki, özünü demokratiya çətiri altında gizlədənlərin demokratiya fəlsəfəsi “Mənə işləyirsənsə, deməli demokratsan” tezisindən ibarətdir”.