“Ermənistanda çox ağır iqtisadi kataklizmlər gözlənilir”

“Pandemiya dövrü isə Ermənistanın onsuz da ağır olan iqtisadi-sosial durumunu daha dözülməz vəziyyətə gətirib”



“Ölkəsində “demokratiya”nın olduğundan dəm vuran baş nazir Nikol Paşinyan rəqiblərini güc yolu ilə susdurmağa çalışır”. 
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib. 
Deputat bildirib ki, Paşinyan pandemiya ilə əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edərək öz rəqiblərini zəiflətmək, sıradan çıxarmaq yolunu tutub: 

“Paşinyan hakimiyyətinin əsas rəqibi, keçmiş prezident Robert Koçaryan uzun müddət həbsdə qaldı. Devirdiyi Serj Sarkisyan da həbs olunmaq təhlükəsi altındadır. Bunlar azmış kimi, Paşinyan indi də digər rəqibi olan milyarder Q.Sarukyanı hədəf seçib. Ermənistan parlamentində təmsil olunan ikinci böyük siyasi qüvvənin rəhbəri Sarukyan bir çoxları kimi Paşinyan və hökumətinin istefasını tələb edib. O, hökumətin islahatlar keçirməyə qadir olmadığını bildirib. Paşinyanı bu fonda narahat edən Sarukyanın sahib olduğu maliyyəni ona qarşı istifadə etməsi təhlükəsidir. Bu səbəbdən o, Sarukyanı sıradan çıxarmaq üçün hərəkətə keçib.

Məlumata görə, Paşinyan Sarukyanla telefon danışığı aparıb və təhdid edib ki, hökumət əleyhinə addım atacağı təqdirdə hər kəsi məhv edəcək. Sarukyandan başqa, Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanı da sıradan çıxarmağı düşünür. “Qraparak” nəşri yazır ki, artıq Nikol Paşinyan müxalifəti zərərsizləşdirmək işinə başlayıb. Bir sözlə, hazırda Ermənistanda bütün hökumət resursları müxalifəti susdurmağa, onu məhv etməyə yönəlib”. 

Parlament üzvü deyib ki, Ermənistan sözün həqiqi mənasında bu gün perspektivi olmayan bir dövlətdir: 

“Erməni ekspertlər bildirir ki, yaxın perspektivdə  Ermənistanda çox ağır iqtisadi kataklizmlər gözlənilir. Pandemiya dövrü isə Ermənistanın onsuz da ağır olan iqtisadi-sosial durumunu daha dözülməz vəziyyətə gətirib. Bu nöqteyi-nəzərdən Ermənistan Qafqazın “qırmızı zonası” hesab olunur. Paşinyan da bu fonda ciddi gərginliklərlə üz-üzə qaldığının fərqindədir.

Belə olan vəziyyətdə onun anti-demokratik addımları daha da şiddətlənib. O, siyasi rəqiblərini sıradan çıxarmaq üçün əlindən gələn hər şeyi edir. Düşmən ölkədə dözümsüzlük mühiti formalaşır. Vaxtilə “demokrat” imicinə malik olan Paşinyanı indi erməni jurnalistlər qırğı formasında təqdim edirlər. Bütün bunlar onu göstərir ki, Ermənistanda insan hüquq və azadlıqları kəskin şəkildə tapdanır. İşğalçı ölkənin baş naziri opponentlərinə münasibətdə diktator kimi davranır, onları döyməklə hədələyir”.

Deputat vurğulayıb ki, insan haqları üzrə beynəlxalq qurumların Ermənistanda cərəyan edənlərə reaksiya verməməsi həmin təşkilatların ayrı-ayrı dövlətlərə selektiv, seçim yolu ilə yanaşdığını göstərir: 

“Paşinyanın bu kimi qanunazidd adımlarına baxmayaraq, insan hüquqları ilə bağlı bir sıra Avropa qurumların, “Fredoom House”, Sərhədsiz Reportyorlar, AŞPA kimi qurumların Ermənistana yönəlik heç bir iradını müşahidə etmirik. Onlar susurlar. Azərbaycan demokratik dövlətdir. Ölkəmizdə bütün insanların hüquq və azadlığı, hüququn aliliyi təmin edilir. Hər kəs qanun qarşısında bərabərdir. Buna baxmayaraq, Azərbaycanda hər hansı bir kiçik insidenti dağa döndərib, ondan şou yaradırlar. Ermənistanda ölkə rəhbəri rəqiblərini, ona etiraz edənləri həbs və təhdid edir. Amma insan hüquqları qurumlarından Ermənistana münasibətdə adekvat reaksiyanı görmürük”.