Aynur Camal: "Paşinyanın nə qədər qeyri-ciddi bir şəxs olduğunu dünya gördü" 

"Prezident İlham Əliyev onun yalançı iddialarını təkzibləyən tərəf olmadı, əksinə, daha ciddi faktla hücum taktikasını seçdi"
 
"Prezident İlham Əliyev Azərbaycanın əsas prioritet məsələsi olan Dağlıq Qarabağla bağlı mövqeyini Şərq Tərəfdaşlığı ölkələrinin rəhbərlərinin videokonfrans formatında keçirilən Sammitində yenə gündəmə gətirdi və daha bir imkandan məharətlə istifadə edərək, Ermənistanın işğalçı olduğunu növbəti dəfə diqqətə çatdırdı".

Bu sözləri “Sherg.az”a açıqlamasında Teleqraf Media Holdinqin rəhbəri, politoloq Aynur Camal deyib.

O bildirib ki, biz bu toplantıda Ermənistanın Baş naziri Nikol Paşinyanın nə qədər qeyri-ciddi bir şəxs olduğunu və özünü idarə edə bilməməsini, hətta özünü necə gülünc duruma saldığını gördük:

"Bildiyimiz kimi, sammit onlayn rejimdə keçirilirdi və adından da göründüyü kimi, videokonfrans idi. Yəni sammitin iştirakçıları tək idilər, onların COVİD-19 virusuna yoluxmaları və ya yoluxdurmaları faktiki mümkün deyildi. Amma iştirakçılardan yalnız Paşinyan tibbi maska taxmışdı. Bu isə onu göstərirdi ki, bir müddət öncə koronavirusa yoluxduğunu, cəmi 2 gün sonra isə "sağaldığını" bəyan edən Paşinyan yenə də hansısa uydurmaları ictimailəşdirmək, hansısa "siyasi manevrlər" etmək niyyətindədir. Əvəzində isə çox gülməli görüntü yaratmışdı.

Prezident İlham Əliyevin çıxışından sonra onun replikası isə yersiz olmaqla yanaşı, həm də yalan, saxtakarlıq üzərində qurulmuş çıxış idi. Biz bir daha şahidi olduq ki, bütün beynəlxalq tədbirlərdə olduğu kimi, Prezident İlham Əliyevin çıxışından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan yenə də kompleksə girdi, özünü itirdi və İlham Əliyevlə "debata" cəhd etməklə növbəti dəfə özünü acınacaqlı vəziyyətə saldı. Biz Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti ilə debatda da, Aşqabad sammitində də, Valday Bynəlxalq Klubunda da həmişə Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında Nikol Paşinyanın necə kompleksə girdiyini, özünü itirdiyini və rabitəsiz danışığını, tarixi reallıqları manipulyasiya etməyə uğursuz cəhdlərini görmüşdük. Bu dəfə də eyni hal təkrar olundu. O, replika ilə Prezident İlham Əliyevin çıxışına münasibət bildirmək istədi. Onun siyasətçiyə yaraşmayan, öz yerini bilmədən etdiyi bu qeyri-diplomatik və qeyri-etik müdaxiləsi tədbirin aparıcısı Avropa İttifaqı prezidenti Şaum Şer tərəfindən də müsbət qarşılanmadı.
Paşinyan replikasında Ramil Səfərov məsələsini gündəmə gətirməyə çalışdı və orada xüsusi qeyd etmək istədi ki, Ramil Səfərov erməni zabitinin yatmış yerdə başını kəsən canidir və o, Azərbaycana gətirilərək Prezident İlham Əliyev tərəfindən əfv olunub. O, bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin son qərarını xatırlatdı və guya Azərbaycanın öz ərazisində irqçi siyasət yeritməsini deməklə uğursuz spekulyasiya etdi. Çünki Avropa İnsan Haqları Məhkəməsinin qərarında Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət yeritməsi haqqında heç bir bənd yoxdur və bu, mümkün də deyil. Orada sadəcə olaraq Ramil Səfərov məsələsi ilə bağlı şikayət vermiş tərəflərin məhkəmə xərclərinin ödənilməsi Azərbaycan dövlətinin üzərinə qoyulub. Və baş vermiş hadisənin fərdi davranış olduğu qeyd olunub. Burada hər hansı irqçi siyasətin pislənməsindən, Azərbaycana qarşı hər hansı bir cəzanın, öhdəliyin qoyulmasından söhbət gedə bilməz. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən, Ramil Səfərov 8 il Macarıstanda cəza çəkib, ölkəmizə ekstradisiya edildikdən sonra əfv edilməsi isə Azərbaycan Prezidentinin müstəsna hüququdur və buna heç kəs irad bildirə bilməz. Azərbaycan Prezidenti İlham Əliyevin onun bu qeyri-peşəkar, manipulyativ replikasına verdiyi cavab isə tamamilə fərqli nüansı ortaya qoydu. Prezident İlham Əliyev onun yalançı iddialarını təkzibləyən tərəf olmadı, əksinə, daha ciddi faktla hücum taktikasını seçdi. Cənab Prezident bildirdi ki, Ermənistan rəhbərliyi Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı ermənini Ermənistana ekstradisiya etdikdən sonra o, Ermənistan Prezidenti tərəfindən əfv olunub. Fikir verdinizsə, İlham Əliyev bununla nə qədər hazırlıqlı bir dövlət adamı, diplomat olduğunu növbəti dəfə sərgiləmiş oldu: düşünmədən, xüsusi hazırlıq görmədən, dərhal, qısa və tutarlı cavabı ilə Paşinyanı susduraraq, onu "sakit oturmağa" məcbur etdi".

Aynur Camal qeyd edib ki, bu, sanki peşəkarların və böyüklərin yanında cığallığı ilə zəhlə tökən uşağa verilən töhmət idi:

 "Prezidentin gətirdiyi fakta diqqət edək: "Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan...", İlham Əliyev bununla, həmçinin, həmişə ermənilərə xüsusi havadarlıq edən Fransaya mesaj göndərmiş oldu. Yəni Prezident İlham Əliyevin bu faktı ortaya qoyması təsadüfi deyildi: Karapetyan beynəlxalq terrorçudur və onun erməni prezident tərəfindən əfvi Ermənistanın terrorçu dövlət olmasının təsdiqləyən faktdır". Bu "debatla" Paşinyan növbəti dəfə ağır zərbə almış oldu. Paşinyan hər dəfə bu cür zərbə aldıqdan sonra "düşünməyə" gedir və növbəti fürsəti gözləyir ki, heç olmasa, bu dəfə Prezident İlham Əliyevin hazırcavablığı səviyyəsində olduğunu göstərə bilsin. Ancaq hər dəfə günlərlə düşünüb-qurduğu və öz təsəvvüründə canlandırdığı mənzərəni İlham Əliyev ən sərrast ifadələrlə darmadağın edir".