Gürcüstanda proporsional seçki sistemini nə zəruri etdi ? – AKTUAL ŞƏRH 

Gürcüstan parlamenti proporsional seçki sisteminə keçidi təsdiqləyib. Səsvermədə parlamentin 142 üzvü iştirak edib və onlardan 136-sı dəyişikliyin lehinə səs verib. Düzəlişə əsasən, 2020-ci ilin oktyabrında keçirilməsi planlaşdırılan parlament seçkiləri 120 proporsional, 30 majoritar olmaqla qarışıq seçki sistemi ilə baş tutacaq.

Seçki baryeri isə 1 faiz təşkil edəcək. Xatırladaq ki, seçki öncəsi qonşu ölkənin siyasi həyatında xüsusi fəallıq hiss olunur. “Vahid Milli Hərəkat” partiyasının fraksiya sədri Roman Qoçiridze eks prezident Girogi Marqvelaşvilinin müxalifət cəbhəsində yer almasını alqışlayıb. Onun sözlərinə görə, Marqvelaşvili ağıllı siyasətçidir və İvanişvili rejimini dəyişmək prosesində onun rolu müsbət olacaq: “8 illik uğursuz idarəçiliyi dəyişmək üçün hər bir şəxsin siyasətə qoşulmasını alqışlayırıq. Demokratiyanı məhdudlaşdıran, ölkəni ağır vəziyyətə salan rejim tez bir şəkildə uzaqlaşdırılmalıdır”. 



Gürcüstan siyasətindəki dəyişiklikləri “Sherg.az”a şərh edən politoloq İlqar Vəlizadə deyib ki, seçki sistemində dəyişiklik təklifi ötən il irəli sürülüb və hakimiyyət müsbət reaksiya verib. Analitik hökumətin “yumlaşmasına” səbəb kimi bir müddət əvvəl baş verən kütləvi etiraz aksiyalarını göstərib: 

“İki-üç ay bundan öncə ölkənin müxtəlif şəhərlərində geniş etiraz aksiyaları var idi. Müxalifətin aktivliyinin səngiməsi üçün hökumət bir sıra qərarlar verməli idi. Bunu hökumətin ciddi kompramisi də hesab etmək olar. Əslində, bu qərar həm müxalifətin, həm də iqtidarın maraqlarına cavab verir. İqtidarın regionlarda güclü sosial və inzibati bazaları var.

Majoritar qaydada seçilən namizədlər çox güman ki, iqtidarın maraqlarını təmsil edə bilərlər. O baxımdan qarışıq sistemə keçid iqtidarın mövqelərinin zəifləməsi anlamına gəlmir. Yəni hakimiyyətin güzəşti hələ nəyisə həll etmir.

Sadəcə bundan sonra şanslar nisbətən bərabərləşir. Hakimiyyət üçün hazırda əsas məqsəd ölkədə siyasi sabitliyi qorumaqdır. Hər halda hər iki tərəf qarşıdan gələn seçkilərdə qarışıq sistemin faydalarından maksimum yararlanmağa çalışacaq”.