Dünyaya sübut olundu! - “Gec-tez torpaqlarımızı azad edəcəyik”

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə çalışıblar. 


Düşmən artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.Növbəti erməni təxribatı sülh danışıqlarını tam iflasa yaxınlaşdırmaqla Azərbaycanın qarşısında torpaqlarını işğaldan azad etmək üçün güc istifadə etməkdən başqa alternativ qoymur.  

Millət vəkili İlham Məmmədov “Sherg.az”a açıqlamasında baş verənləri düşmənin növbəti təxribatı kimi dəyərləndirib: 

“Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatna qətiyyətli cavab verilib. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Təəssüf ki, təxribatın qarşısını alarkən biz generalımızı, polkovnikimizi və bir neçə əsgərimizi itirdik. Onlar şəhidlik zirvəsinə ucalaraq bir daha dünyaya sübut etdilər ki, gec-tez işğal olunmuş torpaqlar öz əzəli sahiblərinə qaytarılacaq”. 

Parlament üzvü qeyd edib ki, iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi:

“Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Bununla yanaşı, həmin gün gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi, prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Eyni zamanda sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayıldı. Sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir. Bütün bunlar ən əsası şəhidlərin ruhuna hörmətsizlikdir. Bu gün xalqımız ordumuzun, Ali Baş Komandanın yanındadır”