Tehranda Dağlıq Qarabağa dəstək aksiyasına qatılan soydaşımız həbs olunub

Son günlərdə Tovuz rayonunda Ermənistan tərəfindən atəşkəsin dəfələrlə pozulması ilə əlaqədar Azərbaycanla yanaşı dünyanın bir çox ölkəsində yaşayan soydaşlarımız da nümayişlər keçirirlər.
"Sherg.az" xəbər verir ki, keçirilən bir çox nümayişlər şəhər rəhbərlikləri tərəfindən anlayışla qarşılansa da, bəzi insidentlər də qaçılmaz olmuşdur. Hətta təəssüflər olsun ki, əhalisinin böyük hissəsi azərbaycanlılar olan İranın paytaxtı Tehranda və Təbrizdə soydaşlarımızın Azərbaycana dəstək aksiyası zamanı həbs edilənlər olmuşdur. Həbs edilənlər arasında milli fəal Həmid Cabbarlı da var. Aksiyaçıların çoxu nümayişdən bir neçə gün sonra sərbəst buraxılsa da, Həmid Cabbarlı artıq 7 gündür ki, Tehranın Evin həbsxanasında saxlanılmaqdadır.
 Azadlığa buraxılan milli fəalların dediklərinə görə Həmidin telefon danışığından istifadə zamanı Azərbaycan dilindən istifadə etməsi məhkəmə məmurları tərəfindən xoş qarşılanmayıb. Əlavə olaraq məhkəmə zamanı hakimə verdiyi cavablar da hakimi qəzəbləndirmiş və "O burada qalmalıdır",- demişdir.

Xatırladaq ki, Tehranda Ermənistan səfirliyi qarşısında Qarabağa ədalət tələb edən Həmid Cabbarlı ictimai asayişin pozulmasında ittiham olunur.