“Düşmən Azərbaycanı təxribata çəkmək istəyir” - Beynəlxalq terror !

“Ermənilər özlərinin qanı tökülməsindən ötrü əllərindən gələni əsirgəmirlər”

“Bunu bacaranda isə bizi terrorçu kimi göstərməyi, nüfuzumuza zərbə endirməyi hədəfləyirlər”

“Odur ki, diqqətli olmalı, erməni təxribatına getməməliyik”



Radikal ermənilər son bir həftə ərzində Azərbaycanın müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı təxribatlar törədiblər.

Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ kimi ölkələrdə diplomatik nümayəndəliklərin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı terror elementləri həyata keçirilib. Beləliklə, soydaşlarımızın sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozulub. 

 Ermənilərin növbəti təxribatını “Sherg.az”a təhlil edən millət vəkili, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov bunun təsadüfi olmadığını deyib:

“Tovuzda baş verən hadisələr siyasi və hərbi cinayət, insanlığa qarşı qəsd idi. Həmin təxribat səbəbsiz deyildi. Düşmənimiz bununla danışıqlar prosesinə zərbə vurmaq, regiondakı vəziyyəti gərginləşdirmək, Azərbaycanın beynəlxalq təşəbbüslərinə kölgə salmaq, ölkəmizin enerji və başqa infrastuktur layihələrini təhlükə altında qoymaq istəyirdi. Eyni zamanda Ermənistandakı böhran da bu təxribatı şərtləndirirdi. Amma düşmən heç bir 
məqsədinə nail ola bilmədi, arzuları ürəyində qaldı. Nəticədə tarixi xislətinə sadiq qalaraq terrora əl atdı. Bu, beynəlxalq terrordur”.
 
S.Seyidov Ermənistanın növbəti təxribatının arxasında hansı məqsədlərin dayandığını da izah edib:

 “Vurğuladığım kimi, Ermənistan həmişə, o cümlədən keçən əsrin 70-80-ci illərində də bu cür təxribatlar törədib. Həmin vaxtlar yeganə məqsəd Azərbaycana fiziki zərbə vurmaq idi. Indi isə bu, ikinci dərəcəlidir. Çünki bütün baş verənlər göz önündədir. Ona görə də Ermənistan bunu bacarmaz. Bu gün onlar Azərbaycanı təxribata çəkmək niyyətindədirlər. Ermənilər özlərinin qanı tökülməsindən ötrü əllərindən gələni əsirgəmirlər. Bunu bacaranda isə bizi terrorçu kimi göstərməyi, nüfuzumuza zərbə endirməyi hədəfləyirlər. Odur ki, diqqətli olmalı, erməni təxribatına getməməliyik”.

Millət vəkili, həmçinin bu təxribata qarşı mübarizə üsulundan da danışıb: 

“Baş verən hadisələrə birmənalı olaraq çox sərt reaksiya göstərməliyik. Xüsusilə Xarici İşlər Nazirliyi bu işdə fəallıq göstərməli, səfirlərlə əlaqədə olmalıdır. Amma bütün hallarda soyuqqanlı davranmalı, emosiyalarımızı qorumalı və Ermənistanın xain, hiyləgər arzusunun reallaşmasına şərait yaratmamalıyıq”.