“Camaat Paşinyanı əvvəlki siyasi rəhbərlikdən bezdiyi üçün onu hakimiyyətə gətirmişdi. Amma Paşinyan ümidləri doğrultmadı”
“Ruspərəst Köçəryan hakimiyyətə gələ bilməz. Gəlsə belə, “at oynatmağı” bacarmaz. Çünki Azərbaycan siyasi hakimiyyəti otuz il əvvəlki deyil”
Ermənistanın Milli Demokrat İttifaqının lideri Vazgen Manukyan Paşinyan hökumətini istefaya çağırıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Vazgen Manukyan ermənilərə müraciəti zamanı tarixin ən biabırçı və dağıdıcı səhifələrindən birini yaşadıqlarını bildirib:
“ Ermənistan təhlükə altındadır. Hər şeyi itirə bilərik. Bu hökumət istefaya getməlidir. Hakimiyyət orduya təhvil verilməlidir. Dağıdıcı zərbələr olmadan bu proses könüllü olaraq həyata keçməlidir”.
Qeyd edək ki, Azərbaycan Ordusunun işğalçı Ermənistana qarşı əks-həmlə əməliyyatı davam edir. Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən Ermənistan ordusu minlərlə hərbçisini itirib. Çox sayda hərbçiləri döyüşdən imtina edərək mövqeləri qoyaraq qaçıb. Paşinyan son çarə olaraq qadınları, yaşlıları hətta, uşaqları cəbhəyə döyüşməyə çağırıb. Baş nazirin istefaya çağırılması onun həm də “nüfuz”undan xəbər verir. Gör, xalqın səbr kasası nə qədər ki, dolub ki, hakimiyyətin dəyişilməsini tələb edir. Bir şey olmamış üstünə qaçdıqları keşişləri də bundan sonra Paşinyana kömək ola bilməz.
Politoloq Mübariz Əhmədoğlu sözügedən tələbləri “Sherg.az”a qiymətləndirib:
“Belə çağırışlar əvvəllər də var idi. Hətta siyasilərdən, o cümlədən Paşinyandan, Sarkisyandan, Köçəryandan ibarət şura yaradılması ideyası təklif olunmuşdu. Hazırkı baş nazirin xalqı başına yığa biləcək, arxasınca aparmağa qadir adam olmadığını ölkədə hər kəs bilir, başa düşür. O vaxt camaat qara qaşına, qara gözünə görə yox, əvvəlki siyasi rəhbərlikdən bezdiyi üçün onu hakimiyyətə gətirmişdi.
Amma Paşinyan ümidləri doğrultmadı. Prezidentimizin də dediklərindən belə qənaətə gəlmək olar ki, baş nazir ölkədə legitim deyil. Yəni heç bir məsələni həll edə bilmir. Ard-arda təzadlı, paradoksal bəyanatlar verməsi də bunu sübut edir. İndiki halda Ermənistan hakimiyyətinin və xalqının ən yaxşı çıxış yolu Azərbaycan prezidentinin sözünə qulaq asmaqdır”.
Onun sözlərinə görə, rəsmi İrəvan siyasi hakimiyyətinin necə dəyişəcəyinin bizim üçün heç bir fərqi yoxdur:
“Azərbaycan hərbçisi hər zaman güclü olub. Amma 90-cı illərin əvvəllərindəki siyasi hakimiyyət belə deyildi. Bugünkü siyasi hakimiyyətimiz olduqca möhkəm və qətiyyətlidir. Birincisi, ruspərəst Köçəryan hakimiyyətə gələ bilməz. Gəlsə belə, “at oynatmağı” bacarmaz. Çünki Azərbaycan siyasi hakimiyyəti otuz il əvvəlki deyil. İkinci bir tərəfdən isə Rusiyanın Köçəryana münasibəti əvvəlkitək olmayacaq.
Yəni o da hakimiyyətdə qısa müddət qalacaq. 3-5 gündən sonra “taxta” başqa biri keçəcək və devriləcək. Beləliklə, Ermənistanda xaos erası başlayacaq”.