Ermənistanda hərc-mərclik: “Komandanlıq yox, iğtişaş ehtimalı çox...” – Rəhbərlik başını itirib! 

Ordumuzun apardığı əks-hücum əməliyyatları nəticəsində düşmən tərəfi xeyli canlı qüvvə itirib. Ermənistanın rəsmi açıqlamalarına əsasən onların mindən çox  hərbçisi məhv edilib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan isə itkilərinin 2 minə yaxın olduğunu etiraf edib. Fəqət, reallıq tamam fərqlidir. Yəni düşmənin itkisi açıqlanan rəqəmlərdən bir neçə dəfə çoxdur. Yanlış açıqlamaları ilə Ermənistan ictimaiyyətinə qarşı laqeyd münasibət sərgiləyən düşmən tərəfi ölmüş əsgər və zabitlərinə, eyni zamanda azad edilmiş ərazilərimizdə qoyub qaçdıqları mülki şəxslərə də biganə yanaşırlar. 

Qeyd edək ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyasına uyğun olaraq humanist addım atıb. Ermənistan hərbçilərinə aid 30 ədəd meyitin və eyni zamanda Ermənistanın işğal etdikləri ərazilərdən geri çəkilən zaman köməksiz vəziyyətdə qoyub getdikləri 2 mülki şəxsin qarşı tərəfə verilməsi ilə bağlı bir neçə dəfə təklif verilib. Daha sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə keçirilən görüşdə bununla bağlı bir neçə dəfə təklif verilsə də ermənilər bu humanitar missiyaya heç bir cavab verməyib




Bu barədə “Sherg.az”a danışan millət vəkili Tahir Kərimli  qeyd edib ki, artıq neçənci dəfədir Azərbaycan tərəfi  ermənilərə meyitlərini götürməyi təklif edir:

“Təbii ki, çoxlu sayda meyit Ermənistana daxil olandan sonra orada həyəcanın və iğtişaşların artması gözlənilir. Ona görə də onlar öz meyitlərini götürməkdən imtina edirlər. İkincisi isə onlar ölülərini götürməməklə Azərbaycan tərəfini ittiham etmək istəyirlər ki, guya humanitar atəşkəs zamanı onlara öz meyitlərini götürməyə imkan verilmir. 

Ümumiyyətlə, Ermənistan rəhbərliyi başını itirib. Vahid komandanlıq yoxdur, hərc-mərclikdir. Nəqliyyat vasitələrinin çatışmazlığı və əmrə tabe olmama səbəbindən onlar ölmüş hərbçilərinə yaxın durmurlar”.

Parlemantari ermənilərin Suqovuşanda köməksiz qoyub qaçdığı 2 nəfər mülki şəxsdən də söhbət açı. O, işğalçı ölkənin onları hansı səbəbdən qaytarmaq istəməməsini açıqlayıb:

“Proseslərin gedişatında Azərbaycan tərəfi sözügedən şəxslərlə Dilqəm və Şahbazın əvəz olunmasını istəyir. Ermənilər bunu etmək istəmirlər. Onları yaşlıların Azərbaycanda qalması narahat etmir. Çünki yaxşı bilirlər ki, Azərbaycan mülki əhali ilə çox yaxşı rəftar edir. Hətta onlara Ermənistanın özündən də yaxşı davranıb, qayğılarına qalırlar. Buna görə də onlara heç yaxın durmaq istəmirlər”.
                                                                                                                           
Ağarza Elçinoğlu