Düşmənin son hiyləsi !- Dindən silah kimi istifadə etmək istədilər - Fiasko ! 

“Onların bu hiylələrini 1991-1992-ci illərdə də görürdük”

“Düşmən öz terrorçu qüvvələrinin dini duyğularını alovlandırmaq istəyirlər. Bu da iflasa uğradı”

“Çünki dində zorakılıq, insan həyatına qəsd, haqlı tərəfə təcavüz etmək kimi bir çağırış qəbuledilməzdir”

“Amma  Ermənistanın “dini lideri” bu çağırışı etdi. Bu isə onların son çırpıntılarıdır”



Döyüş meydanında məğlub olan düşmən düşdüyü vəziyyətdən çıxa bilmək üçün hər yola əl atır. Məlumdur ki, günlər öncə Azərbaycan ordusunun guya Şuşada yerləşən erməni kilsəsini hədəfə alması barədə dezinformasiya yaymağa başladılar. Məqsəd isə aydındır: düşmən bununla Rusiya, Fransa və digər xristian ölkələrini döyüş poliqonuna cəlb etmək istəyirdi. 

Erməni katolikosu II Qaregin isə əlinə silah alıb hər kəsi döyüşə səsləyir. Əslində, bu addım erməni katolikosluğunda ilk dəfə deyil. Din amilindən istifadə edib özlərini yazıq göstərərək illər boyu separatçı mövqe nümayiş etdiriblər.  Erməni kilsəsi həmişə ermənilərin həyata keçirdikləri terror siyasətinə açıq və ya dolayı dəstək verib. 

Göründüyü kimi əsgərlərinin və diplomatlarının gücü ilə bacarmadıqları təxribatları indi də dinin gücü ilə etməyə çalışırlar. Əlbəttə, bütün cəhdləri boşa çıxır.  Azərbaycanın dünyada artan nüfuzu erməni yalanlarının ayaq açıq yeriməsinə imkan vermir. Düşmən səngərdə olduğu kimi informasiya cəbhəsində də dəqiq və tutarlı cavab atəşləri ilə susdurulub, geri otuzdurulur. 



Ermənilərin bu təxribatları ilə bağlı “Sherg.az”a danışan şərqşünas Seyid Camal Əzimbəyli dindən istifadəni onların son hiylələri kimi qiymətləndirir:

“Düşünürəm ki, bu hiylə çoxdan iflasa uğrayıb. Onların bu hiylələrini 1991-1992-ci illərdə də görürdük. Onlar öz terrorçu qüvvələrinin dini duyğularını alovlandırmaq istəyirlər. Bu da iflasa uğradı. Çünki dində zorakılıq, insan həyatına qəsd, haqlı tərəfə təcavüz etmək kimi bir çağırış qəbuledilməzdir. Amma  Ermənistanın “dini lideri” bu çağırışı etdi. Bu isə onların son çırpıntılarıdır. Ermənilərin dini duyğularından sui-istifadə cəhdləri də belə iflasa uğrayır”.

C.Əzimbəyli ordumuzun zəfərlərindən danışarkən qələbəmizə Allahın da töhfə verdiyini dilə gətirib:

“Müzəffər Azərbaycan ordusu üçün qələbə Allahdan haqdır. Necə ki, Allah “ol” deyərsə olar, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu üçün qələbə zəfərini yazmağa Allah “ol” deyib. 

Mən bunu iştirak etdiyim şəhid dəfnlərində də görürəm. Təsəvvür edin ki, şəhid doğmaları “Hər şey Azərbaycan ordusuna, baş komandanımıza fəda olsun” deyir.

Bu, bizim zəfəri haqq etdiyimizin bir göstəricisidir. Baxın, dini-mənəvi, müqəddəs dəyərlərə ehtiram belə olur, nəinki Vazgen kimi çağırışlar etmək, soydaşlarını haqları olmadığı bir savaşda ölümə göndərmək”...

“Azərbaycanın tolerantlığını, multikultural dəyərlərə sahib olduğunu, istər milli, istərsə də dinlərarası xoşgörünün, barışın, qardaşlıq hisslərinin bir təcəllasını indi Qarabağda görürük.

Müdafiə Nazirliyinin yaydığı videoçarxlarda bizim fədakar yəhudi, rus vətəndaşlarımızın şəhid olduğunu görürük. Bu vətən, bu bayraq uğrunda Azərbaycan xalqı ilə bərabər yaşayan digər dinlilər və onlara olan sevgi, məhəbbətin təzahürü özünü Qarabağ döyüşlərində də büruzə verir.

Azərbaycan illərdir öz ərazisində yerləşən erməni kilsələrini dağıtmır, əksinə, onlara xüsusi diqqət və qayğı göstərir. Ordumuzun əsgərlərindən tutmuş generallarına qədər onların hər biri imana silah kimi sarılan Allahın aslanlarıdır. Onların özləri heç bir halda belə bir göstəriş verməzlər, əsgər və zabitlərimiz də heç bir halda belə bir şey etməzlər”. 

Ağarza Elçinoğlu